323 baxış
Bu yazını paylaşın
Müsahibə

Daun sindromlu uşaqlarda özünəxidmət vərdişlərinin formalaşdırılması yolları-Təranə Təhməzli

04 İyul 2023

Müasir dövrdə Daun sindromlu uşaqların sayı sürətlə artır, buna görə də onların diaqnostika, korreksiya və müalicəsinin daha dərindən araşdırılması və öyrənilməsi aktual mövzulardan birinə çevrilir. Bu haqda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Xüsusi Təhsil” kafedrasının müəllimi Təranə Təhməzlinin Telejurnal.az-a verdiyi müsahibəsini təqdim edirik.

-Daun sindromu nədir?

Daun sindromlu insanlar əlavə xromosom ilə doğulur. Xromosomlar genlərin paketləridir və bədənimiz sadəcə onların hüdudlarından ibarətdir. Daun sindromu zamanı 21-ci xromosomda xromosom dəsti cüt olmayıb, uşaq əlavə hissə ilə dünyaya gəlir ki, buna görə də, trisomiya-21 adlanır. Daun sindromu ömürlük vəziyyətdir. Müalicə edilə bilməməsinə baxmayaraq, həkimlər, pedaqoq və psixoloqlar bu barədə çox şey bilirlər və onların korreksiyası diqqət mərkəzindədir. Daun sindromlu uşaq ilə doğru qayğıya erkən başlamaq, ona tam və mənalı bir həyat yaşamağa kömək etməkdə böyük fərq yaradacaq.

Daun sindromlu uşaqlarda müxtəlif problemlər özünü göstərir və əqli, fiziki və psixi çatışmazlıqlarla müşahidə olunur. Daun sindromu insana çox cəhətli təsir edə bilər və hər bir insan üçün təsiretmə xüsusiyyətləri çox fərqlidir. Bəziləri demək olar ki, tamamilə özləri sərbəst yaşayır, bəzilərinə isə özlərinə qayğı göstərmək üçün daha çox kömək lazım olur. Daun sindromlu uşaqların tipik xüsusiyyətləri olur – yastı üz, kiçik burun, göz kənarında epikantus, qulaqların aşağı istiqamətlənməsi, dilin normadan böyük olması və ağıza yerləşməməsi, qotik damaq, dişlərin deformasiyası, progeniya, barmaqlarda (əsasən, çeçələ) iki falanqa olması, əlin ortasında simian xətti və ovuc içinin geniş olması, baş barmağın çölə qatlanması aşağı əzələ tonusu və s. Bütün qeyd etdiyimiz fiziki çatışmazlıqlarla yanaşı əqli və psixi geriləmələr də onların inkişafına, təhsilinə və adaptasiyasına mane olur.

Daun sindromlu uşaqların təlim-tərbiyəsi üçün ilk növbədə özünəxidmət vərdişlərinin formalaşdırılması vacibdir.
Uşağın daha ləng inkişafına səbəb olan xüsusiyyətlər olsa da, yaşıdlarından gec, lakin bütün uşaqlar üçün ümumi olan inkişaf mərhələlərini keçir. Bu uşaqları öyrətmək daha çətindir, lakin böyük əksəriyyəti yeriməyi, yeməyi, geyinməyi, danışmağı, həmyaşıdları ilə oynamaq və dostluq etmək, məktəbə getməyi bacarır və öyrənirlər.

Daun sindromlu uşaqlarda məhdud anlama bacarığı, böyük və kiçik motorika problemi, nitqdə ləngimə, zəif eşitmə, görmə qüsurları, əzələ tonusu pozulmaları, psixi və əqli ləngimə özünəxidmət vərdişlərinin formalaşdırılmasına mane olur. Məlumdur ki, özünəxidmət vərdişləri uşağın gələcək inkişafına, şəxsiyyət kimi formalaşmasına, şəxsiyyətlərarası münasibətlərin inkişafına, habelə, peşə sahibi olmasının təməlində dayanır. Özünəxidmət vərdişlərinə geyinmək, soyunmaq, əl-üzünü yumaq, diş fırçalamaq, saç daramaq, ayaqqabı geyinmək, yemək və s. daxildir. Bu vərdişlərin Daun sindromlu uşaqlarda formalaşması uzunmüddətli və ardıcıl prosesidir.

– Özünəxidmət vərdişlərinin formalaşdırılması üçün ilk nədən başlamalıyıq?

Bilirik ki, vərdişlərin yaranması üçün fiziki sağlamlıq, kiçik və böyük motorika vacibdir. Motorika inkişafına uşaq yaşlarından başlamaq və səmərəli, əlverişli oyun və metodikalar ilə işləmək effektiv nəticələr verir. İpə muncuq düzmə, zəncirbənd bağlama, düymə bağlamaq, ayaqqabı ipi bağlama, səpələnən materiallar ilə, su ilə oyunlar, qum terapiyası, topla oyunlar mozaika, piramida və s. metodikalar motorikanı inkişaf etdirir. Bilirik ki, barmaq uclarında sinirlər yerləşir ki, birbaşa nitq və təfəkkür ilə əlaqəlidir. Buna görə də, barmaq ucları inkişafı vacibdir və barmaq oyunları, qum, art terapiyası və başqa kiçik motor inkişafı oyunları aparılmalıdır.

-Erkən inkişaf zamanı daun sindromlu uşaqlar tipik həmyaşıdlarından nə ilə fərqlənir?

Tipik inkişaf: bərk qidanı yeyir- 7-12 ay, qaşıqla sərbəst yeyir, lakın azca yerə tökür- 12-18 ay, fincandan sərbəst içir- 12-19 ay, güvəcdən istifadə edir- 15-24 ay.

Daun sindromu: Bərk qidanı yeyir- 8-18 ay, qaşıqla sərbəst yeyir, lakın azca yerə tökür- 12-30 ay, fincandan sərbəst içir-18-36 ay, güvəcdən istifadə edir- 18-36 ay.

-Valideynlər necə geyimlərə üstünlük verməlidir?

İlk illər rahat geyimlər çox vacibdir, bu həm uşağın rahatlığı üçün, həm də, özünün geyinməyi bacarması üçündür. Belə ki, beli rezinli şalvarlar, cırt-cırtlı ayaqqabılar, birbaşa geyinilən koftalar, V-yaxa sviterlər, yumşaq materiallı geyim və papaqlar, pambıq və geniş corablara üstünlük verilməlidir.
Valideynlər geyinmə-soyunma vərdişlərini formalaşdıran zaman mövsümə uyğun olmasını, özünə güzgüdə baxıb geyimini düzəltməsini də uşağa öyrətməlidir.

-Daun sindromlu uşaqlarda tualet vərdişləri necə formalaşdırılır?

Öncəliklə, tualet vərdişləri özünəxidmət vərdişləri arasında çox əhəmiyyətli yer tutur. Uşaq özünəxidmət bacarıqlarını yerinə yetirərkən təqlid hərəkətlərinin və şifahi göstərişlərin müəyyən ardıcıllığına əməl etməyi öyrətmək lazımdır. Bəzi uşaqlar özünəxidmət bacarıqlarını yerinə yetirərkən bəzi xüsusiyyətlərlə xarakterizə olunur, məsələn, hərəkətlərin addımlarına əməl etməmək və ya onları atlamaq. Gündəlik həyatda lazım olan özünə qulluq bacarıqları, bu bacarıqlara yiyələnmək öyrənəndə sosial sahədə zəruri olan inam hissi verir. Tualet bacarıqlarını formalaşdırmaq üçün aşağıdakı xüsusiyyətləri nəzərə almaq lazımdır:
Yaş – Uşaq uyğun yaşa çatmalıdır. Tualet təhsilini nəzərdən keçirməyə başlamaq üçün ikinci doğum günündən sonra gözləmək tövsiyə olunur. Daun sindromlu uşaqlar üçün prosesə başlamaq üçün üçüncü doğum günündən sonra gözləmək faydalıdır.
Sidik kisəsinə nəzarət – Uşaq boşaldıqda sidik kisəsini tamamilə boşaldır və gün ərzində ən azı bir saat yarım quru qalır.
Motor bacarıqları – Uşaq müstəqil olaraq vanna otağına gedib-gəlmək və əşyaları götürmək bacarıqlarını nümayiş etdirir.
Davranış – Uşaq iki-beş dəqiqə tualetdə (və ya güvəcdə) rahat otura bilər. Tualetdə oturarkən ona üstünlük verilən kitablara baxmağa və ya üstünlük verilən oyuncaqlarla oynamağa icazə verilə bilər.
Təlimat hazırlığı – Uşaq bir neçə sadə istiqamətə əməl edə bilər (məsələn, oturmaq).
Ehtiyacları göstərir – Üz ifadələri, duruşlar, jestlər, şəkillər və ya sözlər vasitəsilə uşaq tualetə getməyə ehtiyac olduğunu bildirir.
Vərdişlər ardıcıl şəkildə valideyn tərəfindən göstərilməklə həyata keçirilir, valideynlər sistemli olaraq soyunma, yuyunma, geyinmə, əl yuma, əllərini silməyi göstərir. Bu zaman güvəc və yaxud unitazın uşağa uygun olması çox vacibdir.

Beləliklə, Daun sindromlu uşaqlar özünəxidmət vərdişlərinə yiyələnmə qabiliyyətinə malikdirlər, lakin erkən, differensial, sistemli, kompleks yanaşmanı göz önündə saxlayıb, loqoped, pedaqoq, idman müəllimi və psixoloq ilə bərabər valideyin özü də daim uşaqla işləməlidir.

Müsahibə üçün təşəkkür edirik!

Aytac Təhməzli

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…