255 baxış
Bu yazını paylaşın
Siyasi

Bir cümlədə ehtiva olunan həqiqət

31 Yanvar 2022

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə ifadə etdiyi “Vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq…” cümləsinin gücünü Ermənistanın sabiq dövlət başçısı Serj Sarkisyan belə etiraf edir: “Ermənistan tarixdən kənarda qalan ölkəyə çevrilib…”. Prezident İlham Əliyevin bütün çıxışlarında, açıqlamalarında olduğu kimi, yerli televiziyalara müsahibəsinin də hər sözü bir fikirdir, hər cümlə bir mövqe, hər keçid bir xarakterdir. Hər abzas bir istiqamət, konseptual baxışdır – ölkə coğrafiyasının perspektivini müəyyənləşdirən xətdir. Bu müsahibədə də Prezident İlham Əliyev təkcə ölkəsinin deyil, bütöv bölgənin Lideri kimi danışdı. İntellekt, təcrübə yenə də öz sözünü dedi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlunun Prezident İlham Əliyevin yerli televiziyalarına verdiyi, ölkə və dünya mediasında geniş rezonans doğuran müsahibəsi ilə bağlı “Bir cümlədə ehtiva olunan həqiqət” adlı məqaləsində yer alıb.
Prezidentin müsahibəsində bir məqamın onun diqqətini xüsusilə cəlb etdiyini vurğulayan baş redaktor bildirir: “44 günlük Vətən müharibəsindən söz açarkən Prezident İlham Əliyev dedi: “Prezident seçiləndə mənim 41 yaşım var idi, təcrübəm də o qədər böyük deyildi və mən o vaxt beynəlxalq hüquqa inanırdım. İnanırdım ki, ədalət haradansa göydən düşüb bizim məsələmizi həll edəcək. Sonra başa düşdüm ki, ədaləti biz özümüz bərpa etməliyik. Danışıqların birinci mərhələsində, mənim iştirak etdiyim dövrdə belə ümidlərim var idi. Sonra isə gördüm ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Xüsusilə indiki Ermənistan hakimiyyəti bunu yenə də açıq-aşkar bəyan edəndə, faktiki olaraq, danışıqlara öz bəyanatları və yersiz addımları ilə son qoyanda, artıq tam aydın oldu ki, vaxt itirmək mümkün deyil. Bilirsiniz, bir şeyi demək, vaxtında etmək lazımdır. İkinci Qarabağ müharibəsi də onu göstərdi. Bir il əvvəl bəlkə də tez idi, bir il sonra gec idi, hər şey vaxtında. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, böyük zəhmətin işidir”.
Mən məhz bu cümləni nəzərdə tuturam- vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq…Müsahibənin bütün dadı, duzu, mayası, canı, nəfəsi buradadır. Təkcə bu müsahibəninmi? Bu cümlədə Prezident İlham Əliyevin liderlik, dövlətçilik fəlsəfəsi ehtiva olunur. Təkcə dövlətimizin başçısınınmı? Bu cümlə bütün Azərbaycanın Zəfər düsturudur. 44 günlük savaşın kodu, Qələbə formatıdır. Bu cür, bu miqyasda düşünmək və bu düşüncəni sərrast ifadə etmək üçün prezident olmaq, liderlik etmək yetərli deyil. Bu düşüncə və cümlə müdrik bir dövlət adamının təfəkküründən süzülüb gəlir. Bu, bir mütəfəkkir Liderin mükəmməl qənaətidir. “Vaxtı düzgün seçmək…” Bu, o qədər də asan olmadı. O günü, o tarixi təyin etmək üçün düz 2020-ci ilin 27 sentyabrına qədər gözləmək lazım gəldi.

Ulu Öndərimiz “Siyasətdə qabağa qaçmaq olmaz” deyirdi. Prezident İlham Əliyev isə “hər şeyin öz vaxtı var” deyir. Əslində, Azərbaycanın iki qurtuluş günündən bəhs olunmalıdır. Birinci tarix: 1990-cı il 21 yanvar. Mahiyyətcə qurtuluşçuluq missiyası 1990-cı il yanvarın 21-dən başlayır. Həmin gün Heydər Əliyev Bakıda qqırğına məruz qalmış Azərbaycan xalqını ayağa qaldırdı, bükülmüş belini düzəltdi. Kremlin gözünün içinə baxa-baxa bütün dünyaya bəyan etdi ki, Azərbaycan xalqı kimsəsiz deyil, onun sahibi – Heydər Əliyev kimi oğlu və Lideri var. Ulu öndər Heydər Əliyev ikinci dəfə 1993-cü il iyunun 15-də eyni və tarixi işi icra etdi. Param-parça, çilik-çilik edilmiş Azərbaycan dövlətini yerdən qaldırdı. Amma… Təbii ki, Azərbaycan birdən-birə dövlət və birdən-birə dövlətli olmadı. Qarşıda əzablı, iztirablı yolları keçmək sınağı dayanırdı. Hakimiyyətinin ilk illərində Heydər Əliyev əlində Azərbaycanın xəritəsi Avropanı qarış-qarış, addım-addım gəzirdi.
Bu yerdə Vəfa Quluzadənin bir xatirəsi yada düşür. Dövlət müşaviri kimi bir çox hadisələrə şahidlik etmiş Vəfa Quluzadə danışırdı ki, ATƏT-in həmsədrlərindən biri, rusiyalı Vladimir Kazimirov Bakıya gəlmişdi. Prezident Heydər Əliyevlə görüşdə Ulu Öndər rusiyalı həmsədrə xəbərdarlıq edirmiş kimi dedi: “Siz elə bilirsiniz, Azərbaycan həmişə belə zəif olacaq?”.
Azərbaycanın zəif vaxtları anbaan, günbəgün, ilbəil keçmişə dönürdü. Azərbaycan dövlətçiliyi bir dahinin əlindən yapışıb qədd-qamətini bərpa edir, kövrək addımlarını bərkidir, dövlətlənirdi… “Avantüraya getmək, ölkəni risk altına qoymaq” olmazdı. Avantüristlər isə bir deyil, iki deyil, dörd tərəf belələri ilə dolu idi. Daxili avantüristlər isə bir başqa mövzudur.
Prezidentliyi dönəmində -10 il ərzində Heydər Əliyev avantüristlərə imkan vermədi. Bir də ki, avantüra cəhdləri təkcə daxildən gəlmirdi. Nəzərə alaq ki, ölkəmiz dövlətçilik üçün o qədər də əlverişli olmayan bir məkanda yerləşir. Yaşadığımız mühitin həssaslığını və mürəkkəbliyini ulu öndər Heydər Əliyevin bir fikri ilə göz önündə canlandırmaq olar: “Bizim xarici siyasətimiz nazik sap üzərində gerçəkləşən gedişə bənzəyir. Son dərəcə ehtiyatlı və tədbirli olmalıyıq!”.
Prezident İlham Əliyev nazik sap üzərində yürüdülən xarici siyasət xəttinə daha dəqiq və işlək bir məzmun əlavə edib: “Azərbaycan qarşıdurma yox, əməkdaşlıq məkanıdır”.
Hakimiyyətdə olduğu gündən Prezident İlham Əliyev yerli və xarici avantüristlərə Azərbaycan xalqından və gənc Azərbaycan dövlətindən təcrübə materialı kimi yaranlamaq şansı vermədi. Dövlətimizin başçısına olan təzyiqlərin əsasında da elə bu amil dayanırdı. İnsan haqları, demokratiya adı altında edilən hücumların məqsədi başqa idi. Prezident İlham Əliyevi haqlı və prinsipial mövqeyindən çəkindirmək istəyirdilər. Alınmadı! Azərbaycan Prezidenti dözürdü və döyüşürdü.. Onun göstərdiyi böyük səbrin arxasında böyük ağıl dayanırdı. Hələ zaman yetişməmişdi. Xudafərin körpüsünün yanında, Araz çayının sahilində “Azərbaycan xalqına qarşı səslənən əsassız ittihamlar cavabsız qalmayacaq” bəyanatına qədər hələ bir xeyli müddət vardı. Gözləmək lazımdır – riskə getməmək və maksimum nəticə əldə etmək üçün. Az itki – maksimum uğur!
Bölgənin iqlimini, xalqın taleyini, tarixini dəyişən uğur modeli.

“Az itki – maksimum uğur” – Azərbaycan xalqını, dünya azərbaycanlılarını hər yerdə başıuca, alnıaçıq, üzüağ edən bir cümlə! 44 günlük Vətən savaşı məhz bu cür aparıldı. Savaşda itkilərin minimum həddi nəticələrimizin maksimum səviyyəsini təmin etdi. Müharibədə vaxt həlledici amildir. Vaxt düzgün seçildi.
Azərbaycanın Ali Baş Komandanı əsgəri ilə 44 gün ərzində ən azı 200 illik bir məsafəni qət etdi. Ordumuzun sıralarından bir nəfər belə fərarilik etmədi. Halbuki, erməni ordusunda fərarilik edən hərbçilərin sayı 10 mini keçmişdi. Düşmən tərəfin məhv edilən silah-sursatının maddi dəyəri bir neçə milyard dollarla ölçülür. Buraya Hərbi Qənimətlər Parkında nümayiş etdirilən texnikanı əlavə etsək, daha dolğun mənzərə yaranır. 44 gün ərzində Azərbaycanın hərb maşını dəqiq işlədi, döyüş tapşırıqları cədvəl üzrə yerinə yetirildi.
Baxmayaraq ki, müharibədən əvvəl, hətta Tovuz döyüşləri ərəfəsində müxalifətin bəzi nümayəndələri Azərbaycan Ordusunu ləkələməyə çalışır, silah-sursat resurslarımızın döyüşə yararlı olmadığını iddia edirdilər. Belə əsassız iddialara rəğmən, erməni tərəf döyüş meydanında Ordumuza məxsus hər hansı texnikanın, hər hansı silahın yararsız olduğu barədə bircə fakt belə aşkar edə bilmədi. İndi-indi etiraf olunur ki, hətta Qarabağ münaqişəsinin mövcudluğunda daha çox maraqlı olanlar belə 44 günlük savaşın bu qədər “opreativ və səmərəli olacağını” gözləmirmişlər.
Azərbaycan Vətən müharibəsini 4 qat qələbə ilə yekunlaşdırdı – Azərbaycan Ordusu erməni silahlı birləşmələrini darmadağın etdi. Azərbaycan qalib dövlət olaraq düşmən dövlətə kapitulyasiya aktı imzalatdırdı. Azərbaycan xalqı uzun illər ona aşılanmış özünəinamsızlıq səddini aşdı. Azərbaycan geosiyasəti uddu. Eyni zamanda, Azərbaycan regionun siyasi, iqtisadi, hərbi mənzərəsini müəyyən edən ölkə statusunu qazandı.
Bizim 4 qat qalib olmağımız Ermənistanın 4 qat məğlubiyyəti deməkdir – Ermənistan ordusu çökdü və yəqin ki, uzun müddət özünə gələ bilməyəcək. Ermənistanın bir dövlət kimi var olması böyük suallar doğurur. Ermənistan (ermənilər) neçə əsrlərdir ki, öz uydurduğu yalanlarına uduzub, xəyal qırıqlığına uğrayıb, bu, bir intihar aktıdır. Son olaraq, Ermənistan geosiyasəti uduzub.
Azərbaycan Liderinin təbirincə desək, Ermənistan artıq geosiyasi dalandır. Hazırda Ermənistan iqtisadi, siyasi, hərbi baxımdan lazımsız, qonşuları, havadarları üçün əlavə bir yükdür.
Ermənistanın hazırkı boyasız və çılpaq halını yanvarın 23-də istefa ərizəsi yazan prezident Armen Sarkisyan müəyyənləşdirdi. Artıq sabiq prezident səlahiyyətlərinin məhdud olmasından şikayətlənir. Yazır ki, əlimdə konkret rıçaqlar yoxdur. Burada təəccüblü nə var ki, Ermənistan prezidenti elə Ermənistan dövlətinin üzünə oxşayır. Necə ki, Ermənistan guya dövlətdir, amma dövlət funksiyasını yerinə yetirmək imkanından məhrumdur. İstefaya getməkdən başqa çıxış yolu qalmayan Armen Sarkisyan tarixdən kənar qalan Ermənistanın özüdür, gerçək obrazıdır.
Tarixin kənarında qalmış ölkə… Bu, Azərbaycan Prezidentinə məxsus bir cümlənin gücünü etiraf etməkdir.
Azərbaycan isə bu gün təkcə bölgənin önündə deyil, tarixin önündə addımlayır. Prezident İlham Əliyev ölkəsinin, bölgəsinin, tarixinin ən legitim Lideridir!

Amerikalı senator Riçard Luqar ölkəmiz haqqında danışarkən belə bir fikir söyləmişdi: “Azərbaycan təhdid və təhlükə dolu bir məkanda yerləşir. Azərbaycan Prezidenti belə həssas məkanda, sosial immunitetinin zəif, dövlətçilik əxlaqının günün tələb etdiyi dərəcədə formalaşmadığı, xarakterinin hələ kövrək olduğu bir cəmiyyətlə ölkəsini bölgənin və tarixin önünə çıxarmağı bacardı. İlham Əliyevin liderliyi prezidentliyin və Ali Baş Komandanlığın hüdudlarına sığmır. O, neçə əsrlik zorun, təhdidin qarşısında dayana bilən milli müqavimət savaşının qüdrətli Lideridir.
Azərbaycan Prezidenti öz nümunəsində liderliyin alternativsiz əlifbasını təqdim edir:
1. Sən lidersənsə, hər sözün, hər addımın, hər davranışın güvən hissi doğurmalıdır. Prezident İlham Əliyevi görən, ona qulaq asan hər kəs ona inanır, etibar edir, birmənalı olaraq güvənir.
2. Sən lidersənsə, səninlə hesablaşmalıdırlar. Bu gün Azərbaycanla, onun Lideri ilə hesablaşırlar, çünki ölkəmiz, onun gələcəyi ilə bağlı bütün qərarlar Bakıda, Prezident İlham Əliyev tərəfindən verilir.
3. Sən lidersənsə, heç vaxt özünü vəziyyətdən asılı duruma salmamalısan. Bu gün regiondakı vəziyyətin ahəngini Prezident İlham Əliyev diktə edir.
Bu gün “Azərbaycan zəfər marşındadır” ifadəsi bəlağət deyil, geosiyasi reallıqdır. Bu geosiyası reallığı Prezidentin bir cümləyə sığışan strategiyası yaradıb: “Vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq…”
Əminik ki, bu cümlənin hikməti və enerjisi Azərbaycanı növbəti mərhələyə də uğurla daşıyacaq. Daha az itki, daha böyük, maksimum nəticə ilə!

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…