24 baxış
Bu yazını paylaşın
Siyasi

Bağdadi İmam: Prezident İlham Əliyev mədəniyyət paytaxtı Şuşanın şöhrətini bərpa etdi

08 İyul 2022

TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Misirin Azərbaycandakı səfirliyinin keçmiş mədəniyyət attaşesi, bu ölkənin Ali Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Bağdadi İmam son günlərdə İƏT-in Baş katibi Hissein Brahim Taha və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının nümayəndələrinin Qarabağa, onun incisi olan mədəniyyət paytaxtı Şuşaya səfərləri ilə bağlı fikirlərini bölüşüb.

– Cənab İmam, siz 2006-cı ildə Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi vəzifəsinə çalışmışınız. Həmin dövrdə ölkəmizin regionlarına səfərləriniz zamanı təhsil və mədəniyyət tədbirlərində fəal iştirak etmişiniz. Yəqin ki, Qarabağla bağlı azərbaycanlı ziyalılarla da söhbətləriniz olub.

– Bəli, mən Azərbaycanın bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında ölkələrimiz arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə etmişəm. İstər bu görüşlərdə, istərsə də rəsmi tədbirlərdə azərbaycanlı ziyalıların, habelə sadə vətəndaşların Qarabağın işğaldan azad ediləcəyi günü səbirsizliklə gözlədiklərinin şahidi oldum. İnsanlar bütün bayramlarda arzu edirdilər ki, növbəti şənliyi Qarabağda, Şuşada keçirsinlər. Onlarda öz doğma evlərini, ata-babalarının məzarlarını yenidən görəcəklərinə böyük inam var idi. Əlbəttə, bu inam xalqın öz liderinə böyük etimadından qaynaqlanırdı. Nəhayət, o gün gəldi, Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti və fitri siyasətçi istedadı sayəsində arzular gerçəkləşdi. Bütün İslam aləmi, o cümlədən Misir ictimaiyyəti Azərbaycan Ordusunun şanlı Qələbəsini alqışladı və torpaqlar düşmən tapdağından qurtuldu. Mən Bakıdakı dostlarımı, alimləri və mədəniyyət xadimlərini bu münasibətlə təbrik etdim, həmçinin Misir-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü kimi, həmkarlarımla birlikdə Azərbaycan Prezidentinə və xalqına məktub ünvanladıq.

– Bildiyiniz kimi, Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və onların iştirakçıları Qarabağa, mədəniyyət paytaxtı Şuşaya səfərləri zamanı ermənilərin tarix-mədəniyyət abidələrini dağıtmasının şahidi olur, eyni zamanda, qonaqlara bərpa-quruculuq işləri nümayiş etdirilir. Sizcə, Şuşa şəhəri İslam dünyasının ən mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilə bilərmi?

– Şübhəsiz ki, bunun üçün hər cür imkanlar mövcuddur. Şuşanın hər daşında mədəni irs yadigarı var. Azərbaycan hökuməti də bu qədim mədəniyyət paytaxtının təbliği istiqamətində böyük işlər görür, müsəlman ölkələri, o cümlədən Misirin mədəniyyət, ictimai xadimlərinin, beyin mərkəzlərinin və jurnalistlərin Qarabağa səfərləri təşkil olunur. Qeyd etməliyəm ki, artıq bu fəaliyyət öz bəhrəsini verir. Belə ki, ərəb mətbuatında demək olar ki, günaşırı Qarabağ, Şuşa ilə bağlı xəbərlər və məqalələr dərc olunur. Fikir verin, Şuşa erməni işğalı altında olduğu zaman Misirdə çox az adam bu şəhərin mövcud olmasından məlumatlı idi. Burada Azərbaycanla bağlı keçirilən tədbirlərdə, əsasən, Xocalı soyqırımı gündəmdə olurdu. İndi isə Şuşa haqqında məlumatlar bütün ərəb ölkələrində yayılır. Bu, Azərbaycanın informasiya cəbhəsində mühüm qələbəsi sayıla bilər. Jurnalistlərimiz və ictimai-siyasi xadimlərimiz də bu gözəl şəhəri görməyə, orada keçirilən tədbirlərdə iştirak etməyə can atırlar, iş adamları bərpa-quruculuq işlərində iştirak etmək istəyirlər.

Bir məqamı qeyd etmək yerinə düşərdi. Düşünürəm ki, Şuşada İslam ölkələrinin iştirakı ilə böyük mədəniyyət tədbirlərinin, sərgilərin, konfransların təşkili faydalı olardı. Bundan başqa, gələcəkdə Qarabağda müsəlman dövlətlərinin gənclərinin də təhsil alacağı, birgə elmi tədqiqatların aparılacağı universitetin də açılması məqsədəuyğundur.

– Səfalı, füsunkar Qarabağ torpağı həm də böyük turizm mərkəzinə çevriləcək. Ərəb ölkələrindən turistlərin Azərbaycana böyük maraq göstərdiyi bir vaxtda işğaldan azad olunmuş torpaqlarda turizm potensialını necə qiymətləndirirsiniz?

– Qarabağ bölgəsi heyrətamiz dağ yüksəkliklərinə malikdir və bu, ona yaraşıq, ecazkarlıq bəxş edir. Təmiz havanı, füsunkar təbiəti, yaşıllığa bürünmüş dağları, büllur suyu olan bulaqları və çayları sevən ərəb turistlər üçün bu torpaqlar cazibəli olacaq. Yay aylarında sərin havalardan həzz alan misirlilər üçün də Şuşada dincəlmək çox əlverişlidir.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev bu ərazilərin inkişafı, yenidən qurulması, abadlaşması prosesinə xüsusi diqqət göstərir. Burada ən müasir standartlara cavab verən otellər, hava limanları turistlərin rahatlığına xidmət edəcək. Prezident İlham Əliyev, həmçinin mədəniyyət paytaxtı Şuşanın qədim şöhrətini bərpa etdi və buraya gələcək qonaqlar müxtəlif mədəni tədbirlərdə iştirak etmək imkanına malik olacaqlar. Bir sözlə, Qarabağın, onun incisi Şuşa şəhərinin tarixində yeni mərhələ başlayır. Ölkənizin Misirdəki dostları xoşbəxt, sabaha inamla addımlayan, Qarabağlı Azərbaycan görməkdən olduqca məmnunuq və həmişə sizinlə birlikdəyik.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…