151 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik Bəyannaməsi uzunmüddətli mədəni-iqtisadi münasibətlərə əsaslanır

25 Fevral 2022

Azərbaycan Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədri olaraq tam neytral, öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürütməkdədir.
“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
Ölkəmizin digər ölkələrlə münasibətlərinin heç vaxt üçüncü tərəfə qarşı yönəlmədiyini diqqətə çatdıran deputat bildirib ki, Azərbaycan müstəqil ölkə olaraq digər ölkələrlə əməkdaşlıq və tərəfdaşlıqda maraqlıdır. Əməkdaşlıqlar yüksək səviyyəyə çatdıqda isə müttəfiqlik məsələsi gündəmə gəlir. Hər bir ölkə güclü müttəfiqlərinin olmasında maraqlıdır. Müttəfiqlik isə uzunmüddətli çoxşaxəli münasibətlər əsasında mümkün olur.
Deputat vurğulayıb ki, Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik Bəyannaməsi də məhz uzunmüddətli mədəni-iqtisadi münasibətlərə əsaslanır. Bu məsələ üzərində işlərə – sənədinin hazırlanması və razılaşdırılması prosesinə hələ ötən ilin ortalarından başlanılmışdı. Moskva Bəyannamənin imzalanması üçün Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddət idi planlaşdırılırdı. Bir sözlə, Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil və regionda gedən son proseslərlə əlaqələndirilə bilməz. Sənədin bütün müddəaları Azərbaycanın milli maraqlarına tamamilə uyğundur. Bəyannaməyə əsasən hər iki ölkə bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət edir və bir-birinin daxili işlərinə qarışmamağı öhdəlik götürürlər. Hər iki tərəf müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almaq barədə razılığa gəlirlər.

C.Osmanovun sözlərinə görə, Moskva Bəyannaməsində diqqətçəkən məqamlardan biri də Qafqaz regionu və Xəzərdə sabitliyin, təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyinin qeyd olunmasıdır. Bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir. “Müasir dünyada böyük əksəriyyət ölkələrin əziyyət çəkdiyi beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi müttəfiqlik sənədində qeyd olunan vacib məqamlardandır.
Deputat qeyd edib ki, Şuşa Bəyannaməsi kimi, Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. “Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Cənubi Qafqazda formalaşmış yeni konfiqurasiyanın əsas oyunçuları – Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması yeni konfiqurasiyanı rəsmən təsbit edir: “Şuşa və Moskva bəyannamələrinin imzalanmasından sonra, Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə də ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Məhz bu məqsədlə mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək”, – deyən deputat vurğulayıb ki, Prezident İlham Əliyev bütün güc mərkəzləri və qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulmasını hər zaman prioritet sahə hesab edir. Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında bu amil böyük rol oynayıb.
“Artıq Azərbaycan iki qüdrətli qonşusu – Türkiyə və Rusiya ilə müttəfiqdir, həmçinin Avropa İttifaqı ilə sazişə hazırlaşır. Regionda və dünyada gedən proseslər fonunda Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb.
Bütün bunlar isə güc, bacarıq, məharətli diplomatiya tələb edir ki, buna da ölkəmiz məhz Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli siyasət nəticəsində nail olur”, – deyə Cavid Osmanov fikirlərini yekunlaşdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…