140 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanla İƏT arasındakı əməkdaşlıq İslam dünyasının təhlükəsizliyinə xidmət edir

26 Mart 2022

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının martın 22-23-də keçirilən 48-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı dörd qətnamə qəbul edildi. Pakistan İslam Respublikasının İslamabad şəhərində “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda təşkil edilən konfransda “Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün siyasi, iqtisadi, mədəni və humanitar aspektləri ilə bağlı müddəalar əks olunub.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
O qeyd edib ki, İƏT Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq, minalanmış ərazilərin dəqiq xəritələrini və həmin ərazilərə aid digər məlumatları təqdim etməkdən davamlı boyun qaçırmasını pisləyib. Konfransda Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi və onilliklər boyu davam edən erməni təcavüzü və işğalının ağır nəticələrinin aradan qaldırılması üçün göstərdiyi səylərlə tam həmrəylik və dəstək ifadə olunub. Bu, Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi ən böyük diplomatik uğurlardan biridir. Ümumiyyətlə, İslam Əməkdaşlıq Təşkilatı hər zaman ədalətin yanında olub. Ermənistanın 30 ilə yaxın müddətdə davam edən işğal siyasəti zamanı da İƏT prinsipial mövqe sərgiləyərək İslam dünyasının bir parçası olan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və işğala son qoyulması ilə bağlı qətiyyətli çağırışlar edib. Təşkilat İkinci Qarabağ müharibəsindən sonra da ədalətli mövqeyinə sadiq qalaraq bu əraziyə faktaraşdırıcı missiya təşkil edib. Amma İƏT-dən fərqli olaraq, əksər beynəlxalq təşkilatların bu missiyaları təşkil etməyə iradəsi çatmayıb. Bu yanaşma ilə İƏT sözün həqiqi mənasında nümunə sərgiləyib.
K.Nurullayevanın sözlərinə görə, İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti işğaldan azad olunmuş Azərbaycan torpaqlarında yerində araşdırmalar aparıb, sübutlar toplayıb və əldə edilən nəticələr əsasında hesabat hazırlayaraq beynəlxalq təşkilatlara göndərib. Faktaraşdırıcı missiya, eyni zamanda, bütün faktları yerində araşdıraraq, tarixi abidələrin yenidən bərpasının mümkün olub-olmadığına dair hesabat da hazırlayıb.
“İslam Əməkdaşlıq Təşkilatı məqsədli şəkildə dağıdılan tarixi abidələrin yalnız Qafqazın, Azərbaycan xalqının deyil, bütün dünyanın mədəni mirası hesab etdiyi üçün bu tarixi abidələrin taleyinə məsuliyyətlə yanaşdı. Çünki Ermənistanın illər ərzində dağıtdığı, kökündən məhv etməyə çalışdığı bu mədəni mirası bərpa etmək tarixə, mədəniyyətə xidmət etməkdir. İslam Əməkdaşlıq Təşkilatının insan haqları qurumunun hazırladığı hesabat bütün dünyaya, BMT-yə və insan haqlarını qoruyan qurumlara əsl həqiqətin nədən ibarət olduğunu sübut edən bir mesajdır.
Azərbaycanın tarixi torpaqlarının 30 ilə yaxın işğal altında saxlanması bu faktların beynəlxalq ictimaiyyətə lazımi səviyyədə çatdırılmasına mane olurdu. Əksər təşkilatlar xristian təəssübkeşliyi sərgiləyərək, Ermənistanı ifşa etməkdən yayınırdı. Bu da çox təhlükəli presedent yaradırdı. Halbuki Qarabağ torpaqları faktaraşdırıcı missiyaların səfərlərinin təşkilinə ən çox ehtiyacı olan ərazilər idi”, – deyə K.Nurullayeva vurğulayıb.

İƏT-in qəbul etdiyi sonuncu qətnamələrin İslam dünyasının Azərbaycana dəstəyinin növbəti təzahürü olduğunu diqqətə çatdıran deputat deyib: “Bu yaxınlarda Avropa Parlamenti erməni yalanları əsasında Azərbaycan əleyhinə qətnamə qəbul edərək, guya Qarabağda ermənilərə məxsus tarixi-mədəni abidələrin məhv edildiyini iddia edirdi. Məsələ burasındadır ki, bu vaxta qədər elə Avropa ölkələrinin diplomatik nümayəndələri dəfələrlə Qarabağa səfər edərək ermənilərin törətdiyi vandallıq aktlarının şahidi olublar. Eyni zamanda, ermənilərin məscidlərdən tövlə məqsədilə istifadə etdiklərinin də şahidi olublar və KİV-ə açıqlamalarında Ermənistanı qınayıblar. Bu baxımdan Avropa Parlamentinin qəbul etdiyi qətnamənin heç bir əsası yoxdur. İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələr, əslində, Avropa Parlamentinin qərəzli qərarına tutarlı cavabdır”.
K.Nurullayevanın fikrincə, İƏT-in qəbul etdiyi qətnamələr həm də Azərbaycana vurduğu zərərə görə Ermənistanın məsuliyyətə cəlb edilməsini şərtləndirən hüquqi baza rolunu oynayır. Çünki qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunub.
“Təsadüfi deyil ki, həmin 4 qətnamədən biri işğaldan azad edilmiş ərazilərdə keyfiyyətli məskunlaşmanın təmin olunması ilə bağlıdır. Azərbaycan hökuməti hazırda bu ərazilərdə kompleks şəkildə bərpa-quruculuq işləri həyata keçirir. Əsas məqsəd 30 ilə yaxın müddətdə öz tarixi torpaqlarından zorla qovulan insanları qısa müddətdə öz yurdlarına qaytarmaq və onları layiqli həyat şəraiti ilə təmin etməkdir. Artıq İƏT bərpa prosesində də Azərbaycana dəstək göstərəcək. Belə ki üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış öz əksini tapıb. Burada, habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılıb”, – deyə deputat qeyd edib.
K.Nurullayeva bildirib ki, Xocalı soyqırımının qurbanları ilə həmrəylin ifadə olunması isə Azərbaycan xalqı üçün çox vacib məqamdır. Bu vaxta qədər dünyanın müxtəlif ölkələri 613 nəfərin məhz azərbaycanlı olduqları üçün xüsusi qəddarlıqla qətlə yetirildiyi Xocalı qətliamı dünyanın müxtəlif ölkələrinin parlamentləri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı tərəfindən insanlıq əleyhinə cinayət kimi tanınıb. İƏT də Xocalıya ədalət tələb edərək bu həqiqətlərin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi prosesində iştirakını bundan sonra da davam etdirəcək.
“Beləliklə, Azərbaycanın Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra rəsmi Bakı ilə İƏT arasında əməkdaşlığın da yeni mərhələyə qədəm qoyduğunu əminliklə söyləyə bilərik. Postmünaqişə dövrünün yeni reallıqlarına uyğun davam edən bu əməkdaşlıq bütövlükdə İslam dünyasının təhlükəsizliyinə xidmət edir”, – deyə Könül Nurullayeva fikirlərini yekunlaşdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…