70 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi ilbəil möhkəmlənir

05 Yanvar 2022

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi ilbəil möhkəmlənir. Rəsmi Bakının həyata keçirdiyi milli maraqlara söykənən, müstəqil və praqmatik xarici siyasət beynəlxalq tərəfdaşlar tərəfindən də təqdir olunur. Eyni zamanda, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında qurulan münasibətlərdə yalnız müsbət dinamika müşahidə edilməkdədir. Ümumiyyətlə, Azərbaycan beynəlxalq münasibətlər sisteminin tamhüquqlu üzvü kimi istər regionda, istərsə də qlobal miqyasda sabitləşdirici roluna görə rəğbət qazanıb. Bu mənada, 2021-ci ili də ölkəmiz üçün uğurlu il kimi dəyərləndirə bilərik. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Qələbə ötən bir il ərzində diplomatik müstəvidə daha da möhkəmləndi, ölkəmizin üzv olduğu təşkilatlar, tərəfdaş dövlətlər rəsmi Bakının yaratdığı və bölgənin inkişafına yönələn reallıqları artıq qəbul edirlər. BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, GUAM, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş bəyanat və sənədlərdə regionda dayanıqlı sülhə, münaqişədən sonrakı bərpa-yenidənqurma işlərinə dəstəyin ifadə olunması bunu bir daha təsdiqləyir.

‘TELEJURNAL’ xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputatın deyib ki, Azərbaycan 2021-ci ildə də bütün qonşu dövlətlərlə münasibətlərini qarşılıqlı maraqlar əsasında davam etdirməyə müvəffəq olub. Qardaş Türkiyə ilə münasibətlər isə yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, ötən il Azərbaycan və Türkiyə prezidentlərinin iki ölkə arasında müttəfiqlik münasibətləri barədə imzaladığı Şuşa Bəyannaməsi əlaqələrimizi strateji müttəfiqlik səviyyəsindən də yüksəyə qaldırıb. Əminliklə söyləyə bilərik ki, Azərbaycan-Türkiyə yüksəksəviyyəli əməkdaşlığı regionun təhlükəsizliyinin qarantına çevrilib.

K.Nurullayeva vurğulayıb ki, Azərbaycan beynəlxalq qurumlara sədrlik missiyasını da uğurla yerinə yetirərək yüksək səviyyədə liderlik təcrübəsi nümayiş etdirir. Belə ki, 2021-ci ildə ölkəmizin BMT-dən sonra dünyada ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyi uğurla davam etdirilib. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan üzv dövlətlərin təşkilata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb. Bu, üzv dövlətlərin Azərbaycana etimadının göstəricisidir. Paralel olaraq, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi COVID-19 pandemiyası ilə mübarizədə qlobal təşəbbüslərin müəllifi olaraq aktiv fəaliyyətini davam etdirib. Təsadüfi deyil ki, ölkəmiz indiyədək dünyanın 80-ə yaxın ölkəsinə və üç beynəlxalq təşkilata yardım göstərib. Ötən il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Dekabrın 16-da BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın plenar iclasında Hərəkatın sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Hərəkat üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə də BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib. Bu, Azərbaycanın qlobal təşəbbüslərinin beynəlxalq miqyasda təqdir olunduğunu bir daha təsdiqləyir.

Deputat Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə mühüm uğurlara imza atdığını qeyd edib. Bu müddətdə təşkilatın nüfuzu daha da artıb, eyni zamanda, noyabrın 12-də İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə qurumun adı dəyişdirilib, həmçinin Türkmənistanın təşkilatda müşahidəçi statusu alması barədə qərar qəbul edilib. Zirvə Görüşünün Bəyannaməsində isə üzv dövlətlər tərəfindən 44 günlük Vətən müharibəsində Qələbə münasibətilə ölkəmizə təbrik və dəstəyin ifadə olunması, Azərbaycanın münaqişədən sonra bərpa, yenidənqurma və reinteqrasiya səylərinin dəstəklənməsinə hazır olmalarının bəyan edilməsi növbəti diplomatik uğurumuzdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması isə türk birliyinə önəmli töhfə verən, regionda davamlı sülh və sabitliyə nail olunmasına yol açan tarixi Qələbəmizə verilən ən böyük qiymətdir.

“Azərbaycan müsəlman dünyasının ən nüfuzlu təşkilatlarından biri olan İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi də töhfələrini davam etdirir. Ötən il ölkəmizin təşkilata üzvlüyünün 30 ili tamam oldu. Azərbaycan İƏT-in ən etibarlı üzvü kimi daim öz haqq işində təşkilat tərəfindən dəstəklənib. İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana hərbi təcavüzünə dair Təmas Qrupuna üzv ölkələrin təşkilatda akkreditə olunmuş daimi nümayəndələri, eyni zamanda, İƏT-in Baş katibi və ICESCO-nun Baş direktorunun ölkəmizə səfərləri ədalətli yanaşmanın postmünaqişə dövründə də davamı kimi dəyərləndirilməlidir”, – deyə K.Nurullayeva vurğulayıb.

Azərbaycanın Avropa İttifaqı ilə də yüksəksəviyyəli əlaqələri inkişaf etdirdiyini diqqətə çatdıran deputat ötən il dekabrın 15-də Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığının VI Zirvə Görüşündə son 4 ildə fiziki əsasda ilk dəfə keçirilmiş Şərq Tərəfdaşlığı Zirvə Toplantısının əhəmiyyətini qeyd edərək deyib: “Görüşün yekununda qəbul edilmiş birgə Bəyannamədə Aİ tərəfindən bütün tərəfdaş ölkələrin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək bir daha ifadə olundu.

Ötən il, eyni zamanda, parlament diplomatiyası da uğurla davam etdirilib. Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının, Türkiyə Böyük Millət Məclisinin, Pakistan İslam Respublikası Milli Assambleyasının və Koreya Respublikası Milli Assambleyasının sədrləri ölkəmizə, Milli Məclisin sədri isə ikitərəfli əsaslarda İtaliya, Slovakiya, Macarıstan və İrana, eləcə də beynəlxalq parlamentlərarası təşkilatların iclaslarında iştirak məqsədilə Avstriya, İspaniya, Yunanıstan, Rusiya, Qazaxıstan və Pakistana səfərlər həyata keçirdilər. Qarşılıqlı səfərlər əməkdaşlığın davam etdirilməsi və yeni perspektivlər baxımından mühüm əhəmiyyət daşıyır”.

Deputatın sözlərinə görə, ötən il Azərbaycanın beynəlxalq miqyasda qazandığı nailiyyətlərdən biri də Ermənistanın beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsidir. Ötən il dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin etdi. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırdı. Bu da Azərbaycanın beynəlxalq hüquq müstəvisində haqlı mövqeyinin dəstəklənməsi deməkdir.

K.Nurullayeva bildirib ki, ötən il beynəlxalq səviyyədə əldə olunan uğurlar həm də bütün dünyanın İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etməsinin göstəricisidir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, müharibədən sonra cərəyan edən proseslər bizim haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. “Bunun çox böyük əhəmiyyəti var. Çünki İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı əsassız ittihamlar səsləndirilirdi. Bu əsassız ittihamların heç birinin real təsdiqi olmadı və müharibədən sonrakı dövr bunu bir daha göstərdi. Ona görə, müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək, siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər”, – deyə deputat qeyd edib.

Sonda vurğulanıb ki, Azərbaycan bu uğurlara uzun illər ərzində möhkəmlənən beynəlxalq nüfuzu, qətiyyəti və prinsipiallığı, yürütdüyü ədalətli və düzgün xarici siyasəti nəticəsində nail olub.

https://azertag.az/xeber/Azerbaycanin_beynelxalq_munasibetler_sisteminde_movqeyi_ilbeil_mohkemlenir-1967698

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…