24 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanda monitorinq keçirilib, quş qripi aşkarlanmayıb

05 May 2023

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, aprelin 10-14-də ölkə ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, habelə ərazi üzrə ovçuluq təsərrüfatı və milli parklarının əməkdaşları və mütəxəssisləri iştirak ediblər.

Monitorinqlər zamanı Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə vəhşi quşlara ümumi baxış keçirilib. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 70 baş müxtəlif növ vəhşi quşun patoloji materialları götürülüb.

Bu müddətdə Bakı və Sumqayıt şəhərlərindəki, Abşeron, Lənkəran, Xaçmaz, Siyəzən, Salyan və Neftçala rayonlarındakı 9 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsindən 90 baş quşdan, Bakı şəhəri, Abşeron, Xızı, Astara, Ağcabədi, Siyəzən, Şabran, Salyan, Biləsuvar və Lənkəran rayonlarındakı, ümumilikdə 180 ailə təsərrüfatlarından isə müxtəlif növ 540 baş ev quşundan laboratoriya müayinəsi üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Monitorinq zamanı çöl və ev quşlarından götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində yüksək patogen quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.

Əlavə olaraq monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında müşahidələr aparılıb və xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…