279 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan Prezidentinin xarici siyasətinin konturları dağınıq beynəlxalq münasibətlər sistemində nizamın və səmərəli qərarqəbuletmənin necə yaradıla biləcəyi sualına cavab verir

10 Yanvar 2022

Bu gün beynəlxalq münasibətlər sisteminə nəzər yetirdiyimiz zaman o, radikal fikir ayrılıqları olsa da, birgə yaşamaq məcburiyyətində olan çoxsaylı siyasi vahidlərdən ibarət olub, mövcud siyasi reallıqlar kontekstində əsas kimi vahid deyil, parçalanmış və dağınıq bir mühitdə nizamın və səmərəli qərarqəbuletmənin necə yaradıla biləcəyi sualı üzərində dayanır. Prezident İlham Əliyevin illər ərzində yürütdüyü çoxşaxəli, balanslaşdırılmış, konstruktiv, ən əsası isə konkret hədəflərə istiqamətlənmiş nəticəyönümlü diplomatiya və xarici siyasətin əsas konturları bu suala cavab verir. 2021-ci ildə əldə olunan nəticələr Azərbaycanın xarici siyasət istiqamətlərinin olduqca düzgün müəyyənləşdirildiyindən xəbər verir. Heç şübhəsiz, bu uğurlu diplomatiya piramidasının sonuncu və zirvə mərhələsində Qarabağ Zəfəri və onun leqallaşdırılması dayanırsa, digər pillələrdə Azərbaycanın beynəlxalq münasibətlər sisteminin digər aktorları kimi individual olaraq dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini daha da dərinləşdirməsi durur. Bu baxımdan 2022-ci ildə də beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmləndirilməsi əsas hədəf olacaq.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova söyləyib.
Politoloq deyib: “İndiki məqamda reallıq ondan ibarətdir ki, beynəlxalq sistem parçalanmış olsa da, bu, siyasi vahidlərin bir-biri ilə qarşılıqlı əlaqəsinə mane olmur. Bu qarşılıqlı əlaqələr bir-birini müstəqil olaraq tanıyan diskret siyasi vahidlər arasında nizamlı mübadilə təcrübələri kimi bilinən beynəlxalq sifarişləri təşkil edir. Məsələn, koronavirus pandemiyası, onun yaratdığı iqtisadi çətinliklər və onlara qarşı mübarizədə təcrübə mübadiləsi beynəlxalq münasibətlər sisteminin aktorlarının bir-birindən qarşılıqlı asılılıq prinsipini daha da aydın şəkildə üzə çıxardı və aktual etdi. Məlum oldu ki, beynəlxalq sifarişlər siyasi vahidlərin ticarət, diplomatiya və ya fikir mübadiləsi yolu ilə müntəzəm olaraq bir-biri ilə qarşılıqlı əlaqədə olmağa başlamasından bəri mövcuddur. Bu mənada, dünya tarixi çoxlu regional və beynəlxalq sifarişlər görmüşdür. Bu tendensiyanın reallığını dünya iqtisadiyyatının qlobal genişlənməsi və obrazlı şəkildə desək, pandemiyanın təsiri ilə daha da kiçilməsi kimi beynəlxalq proseslərdə izləmək olar. Burada digər məsələ və qlobal çağırış odur ki, müasir beynəlxalq münasibətlər sistemi dünya liderlərindən alışdıqları konvensional, yəni, ənənəvi yanaşmadan kənar, tamamilə yeni, modern çağırışlara çevik və adekvat cavab verən yanaşma tələb edir. Bu tələbi yerinə yetirən güclü tərəflər aktor kimi mövcudluğunu qoruyub saxlayırsa, onu yerinə yetirə bilməyənlər də sistemdən sürüşüb çıxır, ya da indiki mənzərəyə nəzər yetirib daha dəqiq ifadə etsək güclü aktorların icraçısına çevrilirlər. Son illərdə bu beynəlxalq dinamika az sayda güclü dövlətlərə öz güclərini bütün dünyada proyeksiya etməyə daha geniş imkan yaratdı. Bütün bu kompleks mövcudluqların olduğu, regionda və dünyada artan iqtisadi böhranların və siyasi kataklizmlərin hökm sürdüyü bir zamanda Azərbaycan Prezidentinin dünyanın modern trendlərinə cavab verən yenilikçi idarəçilik sistemi və xalqın monolit birliyi nəticəsində dövlətimizin balanslaşdırılmış, səmərəli siyasət yürüdür, xalqımız isə qurucu xalq missiyasını uğurla icra edir. Daha empirik nümunələr kimi bu amillər Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyasına qarşı mübarizədə dövlətimizin səylərini və aldığı qərarları “Azərbaycan modeli” adı altında digər ölkələrə nümunə gətirməsi ilə yüksək dəyərləndirməsində və xalqımızın Vətən müharibəsindən sonra da Qarabağı dirçəltmək olan bir amal uğrunda birləşməsində büruzə verdi”.

Ş.Həsənova qeyd edib ki, Azərbaycan müxtəlif beynəlxalq platformalarda yalnız qarşılaşdığımız məsələlərin deyil, habelə, bütün dünyanı yaxından maraqlandıran qlobal miqyaslı problemlərin həllinə töhfə verməyə çalışır. Dövlətimizin başçısının “vaksin millətçiliyini” sərt tənqid etməsi, varlı və kasıb ölkələr arasında vaskinləşmə məsələsinin ədalətsiz bölgüsünü pisləməsi, Azərbaycanın 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım etməsi, pandemiya ilə mübarizədə ayrı-ayrı dövlətlərə maliyyə və humanitar yardımlar göstərməsi Azərbaycan dövlətinin ümumbəşəri məsələlərdə beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaş obrazını daha da gücləndirdi. Dünya siyasətinin reallıqlarını və beynəlxalq münasibətlər sisteminin kompleksliyini aydın dərk edən Azərbaycan Prezidenti bir daha bütün dünyaya göstərdi ki, hər şeyə baxmayaraq qlobal həmrəylik göstərərək qlobal disfunksiyasının qarşısının alınması üçün hələ də gec deyil.
Müasir qloballaşma elə bir dünya yaradır ki, burada transmilli münasibətlərin və şəbəkələrin geniş əhatə dairəsi onların yüksək intensivliyi, sürəti, iqtisadi və sosialdan ətraf mühitə qədər həyatın bir çox aspektləri üzrə təsir meyli ilə uyğunlaşdırılır. Dəyişən qlobal şəraitdə siyasət, iqtisadiyyat və sosial əlaqələrin bütün və hətta yeni sahələrində beynəlxalq əlaqələr şəbəkəsi güclənir. Qloballaşma iqtisadi, siyasi, mədəni yaxınlaşma və ya homogenləşmə prosesini özündə ehtiva edir. Bütün bu məsələlərin həllində modern çağımızda beynəlxalq təşkilatlar özləri də ayrılıqda müasir beynəlxalq sisteminin, qlobal iqtisadiyyatın hər yerdə mövcud olan bir xüsusiyyəti və aktoru kimi qəbul olunur. Heç şübhəsiz ki, beynəlxalq institutların yayılması adətən qloballaşma, transmilli mübadilə və kommunikasiya səviyyələrinin artması ilə əlaqələndirilir. Qloballaşan dünyada yaranan kollektiv fəaliyyətin getdikcə mürəkkəbləşən dilemması ilə məşğul olmaq üçün qurumlara ehtiyac daha da artır, həmin mürəkkəb məsələlərin konkret həllini zəruri edən və regional aktorları özündə birləşdirən regional təşkilatlar daha ön plana çıxır. Bu baxımdan da regional və beynəlxalq təşkilatlarla aktiv şəkildə çalışmaq Azərbaycanın xarici siyasətində də son illərdə əsas prioritetlərdən birinə çevrilmişdir. Çünki müasir siyasi reallıqlar sübut edir ki, suverenlik getdikcə daha çox öz dövlətini xarici təsirlərdən təcrid etmək gücü ilə deyil, bütün növ beynəlxalq təsisatlarda səmərəli iştirak etmək gücü ilə müəyyən edilə bilər. Bütün bu reallıqları çevik dəyərləndirməyi bacaran, müasir çağırışlara adekvat cavab verməyi bilən görkəmli diplomat Prezident İlham Əliyev Azərbaycanın sıx əməkdaşlıq etdiyi təşkilatlarla olduqca effektiv sayılan bir prinsip üzərində işləmişdir. Belə ki, dövlətimiz təşkilatların imkanlarından yararlandığı qədər, biz də o təşkilatların dünyadakı nüfuzunun artırılmasına xidmət etməyi qarşımıza məqsəd qoymuşuq. Bu baxımdan da təşkilatlarda sədrlik etdiyimiz dövrdə irəli sürülən yeni təşəbbüslər təşkilatların dünyada cərəyan edən proseslərin idarə edilməsində və dizaynında olan rolunu əhəmiyyətli dərəcədə artmışdır. Məhz bu amili əsas tutaraq əminliklə deyə bilərik Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın nüfuz dairəsi və beynəlxalq münasibətlərdə gedən proseslərə təsir mexanizmi daha da güclənmiş, bu effektiv və rasional davranış modeli də Azərbaycana müsbət mənada geridönüş etmiş, dünya nizamında mövqeyimiz möhkəmlənmişdir.

Azərbaycanın ötən ildə diplomatik masada mövqelərini möhkəmləndirməyinin nəticəsidir ki, bu gün Azərbaycan regionun yeni geosiyasi mənzərəsini formalaşdırmaqla yanaşı, region tarixində yeni səhifələrin açılmasını təmin edir. Belə ki, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli dialoq platformaları ölkəmizin beynəlxalq statusunun artırılması ilə yanaşı, region ölkələri üçün yeni iqtisadi perspektivlər vəd edir. Dövlət başçımızın aldığı müdrik qərarların nəticəsidir ki, region dövlətləri arasında daha etibarlı münasibətlər bərqərar olur və regionun investisiya cəlbediciliyi artır.
2021-ci ildə Azərbaycanın xarici siyasətində daha bir uğuru yeni adı ilə Türk Dövlətlər Birliyi olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurla sədrlik etməsi idi ki, burada da ən tarixi hadisə 2021-ci il noyabrın 12-də Prezident İlham Əliyev Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi oldu. Bundan əlavə, Azərbaycan BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda öz mövqeyini daha da gücləndirməklə, həm də qeyd olunduğu kimi bu təşkilatların beynəlxalq münasibətlər sistemində nüfuzunun daha artırılmasına əvəzsiz töhfələr verdi.
2021-ci ilin başlanğıcında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşü, ilin sonuna doğru Soçi görüşü, ardınca Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüş Azərbaycanın mövqeyini gücləndirməklə yanaşı, əldə etdiyimiz Zəfərin leqallaşdırılması işində əhəmiyyətli rol oynadı. Aydın oldu ki, Azərbaycanın mövqeyi beynəlxalq aktorlar tərəfindən də qəbul olunur.
Dövlət başçımız hər zaman çıxışlarında bildirib ki, təəssüflər olsun ki, biz beynəlxalq hüququn yox, güc faktorunun işlək mexanizmə sahib olduğunun şahidi oluruq. Yeni qlobal reallıqlar kontekstində beynəlxalq hüquqa sektoral və selektiv yanaşma dünyada böyük suallar doğurur. Müəyyən dairələrin bəlli və konkret maraqlarına ehtiyac yarandıqda “ləğv et və dəyişdir” funksiyasından istifadə etmək adi hal almış, beynəlxalq hüququn bu və ya digər məsələlərə reaksiyası adekvat olmamışdır. Bütün bu mənfi tendensiyalar və reallıqlar fonunda Azərbaycan dövləti bu illər ərzində bir tərəfdən həm siyasi və iqtisadi cəhətdən gücləndisə, həm də beynəlxalq hüquq sahəsində də sistematik işlərə imza atdı, ötən ildə beynəlxalq hüquqi müstəvidə də böyük bir uğur əldə etdi. Belə ki, Azərbaycan Ermənistanı hüquqi müstəvidə, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində də məğlub etdi. Daha sadə dillə desək Ermənistan dövlətinin yalan üzərində qurulduğu rəsmi şəkildə sübuta yetirildi. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın “müharibə məhbuslarının dərhal geri qaytarılmasına”, “Hərbi Qənimətlər Parkının bağlanmasına”, “guya Azərbaycan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair” iddialarını təmin etmədi. Beynəlxalq məhkəmə bildirdi ki, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılması iddiasına dair əsaslandırılmış sübutlar təqdim edilməyib. Əslində, məhkəmə sadə formada Ermənistanın yalan danışdığını ifşa etdi.

Ölkə daxilində rəsmi qəbullar, işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlər, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq digər regionlara səfərlər, ölkədən kənar xarici səfərlər olaraq Belçikaya, Türkmənistana, Türkiyəyə, Rusiyaya səfərləri, Füzuli Beynəlxalq Hava limanının açılışı və sair kimi əhəmiyyətli hadisələri nəzərə alıb, Prezident İlham Əliyevin 2021-ci il üçün iş qrafikinə nəzər yetirdiyimiz zaman onun nə qədər dolğun olduğunun şahidi oluruq. İlin sonunda dövlətimizin başçısının hər il olduğu kimi, bu il də doğum gününü sadə formada, ailə üzvləri ilə birlikdə, xalq arasında keçirməsi isə xalqımız tərəfindən təqdir edildi.
Əldə etdiyimiz konkret nəticələr onu deməyə əsas verir ki, 2022-ci il eyni müsbət tendensiya ilə davam edəcək və növbəti uğurlu il kimi tarixə düşəcək. 2022-ci ilin “Şuşa İli” elan edilməsi həm daxili siyasətimizin, həm də xarici siyasətimizin bundan sonra da uğurla reallaşdırılacağından, dövlət başçımızın bütün qərar və addımlarında hər zaman olduğu kimi Azərbaycan xalqının maraqlarının təmin ediləcəyindən xəbər verir. Çünki Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi həm insanlarımızın doğma yurd-yuvalarına dönüşünü sürətləndirəcəksə, həm də bütün dünyaya sübut edəcək ki, torpaq əsil sahibinin əllərində olanda inkişaf edir və insanların rifah içində yaşaması, sadəcə, Azərbaycan vətəndaşına deyil, bütün bəşəriyyətə nümunəvi fayda gətirir. İndi bütün dünya görəcək ki, dağıtmaq yox, qurub-yaratmaq, torpaq dirçəltmək, tarixi saxtalaşdırmamaq, tarixi hadisələrin gedişini yanlış istiqamətə sürükləməmək, düzgün siyasət yürütmək və insanlığa töhfə vermək nə deməkdir.
Regionda və dünyada artan iqtisadi böhranların və siyasi kataklizmlərin hökm sürdüyü bir zamanda Qarabağın qısa zaman kəsiyində abadlaşdırılması, insanlarımızın doğma yurd-yuvalarına geri dönməsi və üçrəngli bayrağımızın bütün tarixi torpaqlarımızda əbədi dalğalanması Azərbaycanda mövcud olan xalq-hakimiyyət birliyi nəticəsində davamlı və dayanıqlı olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…