30 baxış
Bu yazını paylaşın
Mədəniyyət

Azərbaycan mədəniyyətində “Hacıbəyli” qardaşlarının izi

17 May 2023

Azərbaycan mədəniyyətindən danışarkən ağla gələn ilk soyadlardan biri, şübhəsiz ki, Hacıbəyli soyadıdır. Çünki bu soyadı daşıyan üç qardaş-Zülfüqar, Üzeyir və Ceyhun Hacıbəylilər, teatr, musiqi, mətbuat sahələrinə töhfələr verməklə, öz adlarını, necə deyərlər, mürəkkəbin kətan üzərinə həkk olunması kimi incəsənətimizə möhürləyiblər. Əlbəttə ki, fəaliyyət sahələri bununla bitmir. Publisistikamızın inkişafında mühüm xidmətləri olan Ceyhun Hacıbəylinin adına siyasi mövzularda da rast gələcəyik. Bu haqda biraz sonra…

Beş uşaqlı ailənin üçüncü övladı olan Zülfüqar Hacıbəyli 1884-cü ildə Şuşada anadan olmuşdur.

Qardaşlarının inkişafında böyük rolu olan H.Zülfüqar Azərbaycan musiqisində bir çox ilklərə imza atıb. O, ölkəmizdə ilk operetta hesab olunan “50 yaşında cavan” əsərini, kino tariximizdə ilk səsli film olan “Almas”ın musiqisini (Niyazi ilə birlikdə) yazır və musiqili teatrın banilərindən biridir. Fəaliyyəti dövründə “Aşıq Qərib”, “Kənd qızı”, “Əsgər nəğməsi”, ” Mən ağlaram, o gülər” və s. kimi opera və librettolar yazır. Bəstəkar 1950-ci ildə vəfat edir.

Müasir Azərbaycan musiqi məktəbinin qurucusu, Şərqdə ilk operanın banisi, milli bəstəkarlıq məktəbinin təməlini qoyan Üzeyir Hacıbəyli 1885-ci ildə anadan olmuşdur.

Qori müəllimlər seminariyasını bitirdikdən sonra bir müddət müəllim kimi çalışır və tərcümələr edir. «Filankəs», «U», «Üzeyir» imzaları ilə “Tərəqqi”, “Həqiqət”, “İttihad”, “İrşad” qəzetlərində və “Molla Nəsrəddin” (“Ordan-burdan”) jurnalında məqalələr dərc edir.

O, 300-dən çox xalq mahnısını nota salıb, marş, romanslar və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Operaları:

•Leyli və Məcnun (1918, 25 yanvarda nümayiş edilib)-müsəlman Şərqində ilk opera.
•Koroğlu operas (1937-ci il aprelin 30-da tamaşaya qoyulub)- Hacıbəyov yaradıcılığının zirvəsi hesab olunur.
•Firuzə-Hacıbəyov həyatının son illərində “Firuzə” operası üzərində işləmişdir. Tamamlanmamış operadan yalnız Firuzənin ariyası qalmışdır.
•Şeyx Sənan (1909),
•Rüstəm və Söhrab (1910)
•Şah Abbas və Xurşud banu (1912)
•Əsli və Kərəm (1912)
•Harun və Leyla(1915)

Musiqili komediyalar:

Ər və arvad (1910)
O olmasın, bu olsun (1910)
Arşın mal alan (1913)

1918-ci il mart qırğınları zamanı Üzeyir Hacıbəyovun evi gülləbaran edilir. Xoşbəxtlikdən, özünə bir şey olmur. Repressiyalar zamanı da ölüm ondan yan keçir və o, 1948-ci ildə vəfat edir. Onun cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılır və Fəxri xiyabanda dəfn olunur.

Ədəbiyyatşünas, publisist, ictimai xadim Ceyhun Hacıbəyli tariximizin, mühacir ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olan şəxslərdən biridir. O, 1891-ci ildə Şuşada doğulub. Ali təhsilini Murtuza Muxtarovun dəstəyi ilə Peterburq Universitetində alır və sonra Fransanın Sarbonna Universitetində davam etdirir.
Əvvəlcə, məqalələr yazaraq həm də müəllim kimi fəaliyyət göstərən Ceyhun bəy, 1908-ci ildə səhnələşdirilən “Leyli və Məcnun” operasında İbn Səlam və Nofəl rollarını oynayır.

Azərbaycan Xalq Cümhuriyyəti qurulana qədər “Kaspi”, “Baku”, “İrşad”, “Tərəqqi” və d. qəzetlərdə çalışır, 1917-ci ildə “Ittihad” qəzetində redaktorluq edir. “Azərbaycan” qəzeti nüsxələrinin 7 oktyabr 1818-ci ildən 16 yanvar 1919-cu ilədək dövründəki saylarda Ceyhun bəyin aparıcı fəaliyyətini aşkar surətdə görmək mümkündür.

Paris Sülh Konfransında (yanvar, 1919) iştirak edəcək nümayəndə heyətinin tərkibində Ceyhun bəyin də adı vardı. 1920-ci ilin aprelində AXC-nin süqutundan sonra onun mühacirət dövrü başlandı. Fransa mətbuatı ilə əməkdaşlıq edərək Sovet rejiminin siyasətindən yazırdı və o, “Azadlıq” radiostansiyasının yaradıcılarından hesab edilir.

Ceyhun Hacıbəyli 1962-ci ildə Fransada vəfat edir və orda da dəfn olunub.

1916-cı ildə Üzeyir və Zülfüqar qardaşları tərəfindən  “Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi”nin əsası qoyulur. Truppa Bakı ilə yanaşı Qafqazda, Orta Asiyada tamaşalar nümayiş etdirib. Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə təşkil edilən tamaşalarda Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Müslüm Maqomayev çıxış edirdi.

Truppanın repertuarını “Arşın mal alan”, “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əslvə Kərəm” və d. operettalar, musiqili komediyalar təşkil edirdi.
1918-ci ildə Bolşevik-daşnak hakimiyyəti zamanı truppa fəaliyyətini müvəqqəti olaraq dondursa da, 1920-ci ildə tamamilə ləğv edilib.

Aytac Təhməzli 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq

02 Avqust 2023
“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.…

Kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir

02 Avqust 2023
Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar…

Nazirlik bütün mədəniyyət müəssisələrində monitorinqlərə başlayıb

01 Avqust 2023
Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə…

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başlayıb

01 Avqust 2023
Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb. TELEJURNAL-ın  xəbərinə…