89 baxış
Bu yazını paylaşın
Dünya

Azərbaycan-Litva münasibətləri

09 May 2023

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində mayn 8-də bu ölkənin xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb. Ceyhun Bayramov və Qabrielius Landsberqis arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, geniştərkibli görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, o cümlədən regionda baş verən hadisələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının iki ölkə arasında iqtisadi, ticarət, investisiyalar, energetika, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil və s. sahələr üzrə mövcud münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan və Litva arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsinin də vacibliyi qeyd olunub. 18 iyul 2022-ci il tarixində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində geniş imkanlar yaratdığını bildirən Ceyhun Bayramov, yaşıl enerji sahəsinin də Azərbaycan və Litva arasında əməkdaşlığın inkişaf etdirilə biləcəyi sahələrdən biri olduğunu diqqətə çatdırıb.

44 günlük Vətən müharibəsindən sonra bölgədəki vəziyyət, Azərbaycanın bərpa-quruculuq, sülh səyləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə danışan nazir, mövcud çağırışlara və çətinliklərə baxmayaraq, Azərbaycanın sülh müqaviləsinin imzalanması istiqamətində səylərini davam etdirməkdə qərarlı olduğunu diqqətə çatdırıb. Regionda yaranmış yeni reallıqların əməkdaşlıq üçün imkanlar yaratdığını deyən nazir Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan, müasir şəhərsalma üsulları, o cümlədən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan bərpa və yenidənqurma işlərində əməkdaşlıq üçün geniş potensial olduğunu qeyd edib. Bununla yanaşı, Ermənistanın bölgədə yaratdığı mina təhdidləri barədə qarşı tərəfə ətraflı məlumat verilib, bu problemin aradan qaldırılması istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb.

Nazir Qabrielius Landsberqis isə iki ölkə arasında münasibətlərin inkişafının, artan təmasların və qarşılıqlı səfərlərin təqdirəlayiq olduğunu qeyd edərək, keçiriləcək Hökumətlərarası Komissiyanın iclasının bu dinamikaya müsbət töhfə verəcəyini qeyd edib. Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyinin alternativinin olmadığını ifadə edən nazir Qabrielius Landsberqis, Litva Respublikasının bölgədə sülh və quruculuq səylərini dəstəklədiyini söyləyib.

Daha sonra keçirilmiş mətbuat konfransında nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər. Mətbuat konfransında Ceyhun Bayramov bildirib ki, Azərbaycanla Litva arasında siyasi əlaqələr möhkəm təməl və yüksək səviyyəli siyasi dialoq üzərində qurulub: “2007-ci ildə iki ölkənin prezidenti tərəfindən imzalanmış Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə əməkdaşlığımızın strateji xarakterini əks etdirir. Son illər ərzindəki səfər mübadilələri və siyasi dialoqun davamı iki ölkə arasında dostluq əlaqələrinin hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. 2022-ci ilin mayında Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri və bu ilin əvvəlində liderlərimizin Dünya İqtisadi Forumu çərçivəsində görüşü münasibətlərimizdə mühüm mərhələni əks etdirir”. Azərbaycan Litva şirkətlərini Orta Dəhlizin üstünlüklərindən yararlanmağa da dəvət edib. “Biz həmçinin böyük potensiala malik iqtisadi, tranzit və nəqliyyat əməkdaşlığının dərinləşməsi yollarını öyrəndik. Qeyd etmək istəyirəm ki, Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarının aktuallığı daha geniş regiondakı vəziyyətin fonunda daha da böyüyüb. 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzit axını təqribən 75 faiz artıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu həcmin ildə 5-8 milyon ton artacağı gözlənilir. Bununla əlaqədar olaraq Litvanın tranzit operatorları və logistika şirkətlərinə Orta Dəhlizin üstünlüklərindən yararlanmağı təklif etdik. Azərbaycan hazırda böyük həcmdə investisiya, texnologiya və innovasiyaların, intellektual əməyin cəlb edilməsi üzərində çalışır. Litva şirkətlərini və investorlarını Ələt Azad İqtisadi Zonası və ölkəmizin sənaye parklarındakı əlverişli şəraitdən yararlanmağa dəvət edirik. Bu zonalarda istehsalatın təşkili üçün çoxlu sayda iqtisadi güzəştlər təklif olunur” – , deyə Azərbaycanın XİN başçısı vurğulayıb. Ceyhun Bayramov həmçinin Azərbaycanın Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticari, investisiya və strateji enerji tərəfdaşı olduğunu da vurğulayıb.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis isə bildirib ki, Azərbaycanla Litva arasında siyasi dialoq əhəmiyyətli dərəcədə güclənib: “Bu gün müzakirəmiz əsasən ikitərəfli əməkdaşlığa, həmçinin regional təhlükəsizlik məsələlərinə yönəlmişdi. Əməkdaşlığımızın hazırkı səviyyəsini müsbət qiymətləndirdik. Bu gün baş tutan Azərbaycan-Litva birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası hər iki tərəfin əməkdaşlığımızın gələcək genişləndirilməsində maraqlı olduğunu təsdiqlədi”. O qeyd edib ki, Aİ Avropaya enerji daşıyıcıları tədarükünün diversifikasiyasında Azərbaycanın rolunu qiymətləndirir. “Azərbaycan-Aİ münasibətlərinə gəlincə, ümid edirəm ki, tərəflər arasında yeni saziş üzrə danışıqlar ən qısa zamanda yekunlaşacaq. Aİ Avropaya enerji daşıyıcıları tədarükünün diversifikasiyasında Azərbaycanın rolunu qiymətləndirir”, – deyə Litvanın XİN başçısı vurğulayıb.

Nazirlər Cənubi Qafqazda vəz?yyətlə də bağlı fikirlərini ifadə ediblər. Ceyhun Bayramov deyib ki, Azərbaycan Ermənistanı xoş məram göstərməyə və bütün aspektlərdə normallaşma üzrə danışıqlar çərçivəsində daha çox səy göstərməyə çağırır: “Litvalı həmkarıma regionumuzda münaqişəsonrası vəziyyət, Azərbaycanın regional sülh gündəliyinin irəliləyişi üzrə səyləri, o cümlədən ABŞ-da Ermənistanla sülh sazişi layihəsi üzrə danışıqların son raundu barədə ətraflı məlumat verdim. Müzakirələrimizin gündəliyində işğaldan azad olunmuş ərazilərdə görülən təmir-tikinti işləri, nəqliyyat yollarının və kommunikasiyaların açılması dayanırdı”. “Bütünlükdə qismən dinamikaya baxmayaraq, normallaşmanın hər üç aspektində, daha dəqiq desək, ikitərəfli münasibətləri müəyyən edəcək sülh sazişi layihəsinin hazırlanması, dövlət sərhədinin deli??tasiyası, həmçinin nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası üzrə əldə olunmuş tərəqqi hələ ki gözləntiləri doğrultmayıb”, – deyən Ceyhun Bayramovun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycana qarşı mina təhdidi də davam edir. Bu da insan haqlarının bariz pozuntusu və sosial-iqtisadi inkişafın, həmçinin Azərbaycanın məcburi köçkünlərinin öz evlərinə qayıdışının qarşısında duran maneədir. Müharibədən sonra Azərbaycanda mina qurbanlarının sayı 290 nəfərə çatıb, onlardan 54 nəfər həlak olub.

“Əminik ki, davamlı sülh həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına xidmət edir”. Bu fikirləri isə Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib. O, bildirib: “İkitərəfli söhbətimizdə həmkarıma bildirdim ki, Cənubi Qafqazdakı vəziyyəti çox diqqətlə, böyük narahatlıqla və eyni zamanda sülh tənzimlənməsinə böyük imidlə izləyirik. Əminik ki, davamlı sülh həm Azərbaycan, həm də Ermənistanın maraqlarına xidmət edir”. Nazir, həmçinin Litvanın Avropa İttifaqı və ABŞ-ın Azərbaycanla Ermənistan arasında danışıqlara yardım səylərini qətiyyətlə dəstəklədiyini əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…