20 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətlərə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisindən yanaşan azsaylı dövlətlərdən biridir .

19 İyul 2022

Milli dövlətlərin formalaşmağa başladığı və müasir beynəlxalq münasibətlər sisteminin ilkin təzahürlərinin meydana gəldiyi gündən etibarən real xarici siyasət milli güc amilinə söykənir. Bu sahədə mövcud olan bütün klassik nəzəriyyələrdə dövlətlərin beynəlxalq müstəvidə ciddi təsir imkanlarına malik olmaları üçün məhz bu amilin zəruriliyi vurğulanır. Dövlətin milli gücünü təşkil edən komponentlər isə onun coğrafi mövqeyindən, təbii ehtiyatlarından, insan resurslarından, iqtisadi və hərbi potensialından, milli xarakter, milli ruh kimi önəmli amillərdən, diplomatiyanın və dövlət idarəçiliyinin keyfiyyətindən asılıdır.

Bu komponentlər olmadan regional, subregional və qlobal müstəvilərdə real təsir imkanlarına malik olmaq, milli maraqları müdafiə etmək şübhəsiz ki, mümkün deyil. Çünki bütün siyasi proseslərin, o cümlədən xarici siyasətin ana xəttini daha çox təsir imkanlarına malik olmaq üçün aparılan mübarizə təşkil edir.

Bu fikirləri  TELEJURNAL. az AZƏRTAC-a  istinadla siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Qeyd edib ki, Azərbaycanın xarici siyasəti də məhz milli güc amilinə əsaslanan, yuxarıda sadaladığım klassik komponentlərlə yanaşı, çağdaş beynəlxalq münasibətlər sisteminin çoxsaylı mürəkkəb və praktik elementlərini özündə birləşdirən, istisnasız olaraq milli maraqlara söykənən, təşəbbüskar, çevik, dinamik və çoxvektorlu siyasətdir.

1994-cü ildən etibarən əsas strateji istiqamətləri müəyyənləşdirilən xarici siyasətimizin cəmi 28 illik tarixinə nəzər yetirməklə, regional və qlobal proseslərin fəal oyunçusuna çevrilmək üçün ən müxtəlif sahələrdə – geosiyasi, iqtisadi, mədəni, hərbi və digər istiqamətlərdə atılan strateji addımlara nə qədər böyük əmək sərf olunduğunu müəyyənləşdirmək və heç bir mübaliğəyə yol vermədən obyektiv dəyərləndirmə aparmaq çətin deyil. Hər şey ən yaxın tarixdə və gözümüzün önündə baş verib.

Yaxın tarixdə baş verənlərin göz önünə sərgilədiyi mənzərə isə belədir: Azərbaycan regional və qlobal proseslərdə ayrı-ayrı güc mərkəzlərinin peyk-dövlətinə çevrilmədən, qütblərarası manipulyasiyaya, yer və yön dəyişməyə yol vermədən ikitərəfli və çoxtərəfli münasibətlərə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisindən yanaşan, milli maraqlarından bir addım da geri çəkilməyən azsaylı dövlətlərdən biridir. Ən önəmli məqamlardan biri də ölkənin müstəqil siyasətinin həm forma, həm də məzmun etibarilə milli olması, bütün güc mərkəzləri tərəfindən qəbul edilməsi, hörmətlə qarşılanmasıdır. Azərbaycanın iqtisadi potensialını, coğrafi mövqeyini mühüm geostrateji amilə çevirən, təşəbbüslərinin rəğbətlə qarşılanmasına zəmin yaradan əsas amillər isə onun etimadlı, məsuliyyətli dövlət imicidir. Prezident İlham Əliyevin “Sözümüz imzamız qədər keçərlidir” deyimi təkcə Azərbaycan liderinin dövlət başçısı kimi xarakterini və mövqeyini ifadə etmir, həm də onun ölkəyə qazandırdığı obrazın cizgilərini ortaya qoyur. Daha əvvəl xarici siyasətin klassik elementlərindən söz açdığım zaman diqqət çəkdiyim milli xarakter də elə budur və xalqla liderinin ümumiləşdirilmiş obrazını yaratmaqla milli ruhun yüksəlişini təmin edir.

Bu gün biz Azərbaycanla Türkiyənin, eləcə də digər türk dövlətlərinin münasibətlərinin ən yüksək müstəvidə inkişafına şahidlik edirik. Azərbaycan bu prosesdə çox önəmli körpü funksiyasını yerinə yetirir. Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə layihələr, iki dövlət arasındakı münasibətləri strateji müttəfiqlik müstəvisinə daşıyan tarixi Şuşa Bəyannaməsinin imzalanması türk dövlətlərinin ortaq dil və mədəniyyət platforması üzərindən genişmiqyaslı əməkdaşlıq perspektivlərinin cazibədarlığını daha da artırıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi zaman kəsiyində Prezident İlham Əliyevin peyvənd millətçiliyi ilə bağlı irəli sürdüyü təşəbbüsün BMT Baş Assambleyasında dəstəklənməsi, Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq, bu təsisatın müraciəti əsasında Baş Assambleyanın Xüsusi Sessiyasının çağırılması xarici siyasətimizin ən böyük uğurlarından biri hesab oluna bilər.

Azərbaycan məsuliyyətli ölkə və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə verib. Bu il Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısının keçirilməsi və Parlament Şəbəkəsinin yaradılması təşkilatın tarixində ən önəmli hadisə kimi qalacaq. Çünki məlum olduğu kimi, bu istiqamətdə uzun illər boyu aparılan müzakirələr heç bir nəticə verməyib. Yalnız Azərbaycana olan yüksək etimad və ölkəmizin təşəbbüskarlığı belə bir mühüm parlament əməkdaşlığı platformasının reallaşmasına zəmin yaradıb.

Azərbaycan son bir il ərzində Avropa İttifaqı ilə də fəal əməkdaşlıq edib. Avropa İttifaqı ilə sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur.

Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır. Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Azərbaycan-Aİ əlaqələrinin hazırkı siyasi çərçivəsini “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd təşkil edir. Sənəd 2018-ci il iyul ayında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının sabiq Prezidenti Donald Tuskun iştirakı ilə imzalanıb.

Azərbaycan Avropa İttifaqı ilə yeni enerji memorandum imzalanması, Avropa Komissiyanın sədri Ursula Fon der Lyayenin ölkəmizə səfəri çox önəmli hadisədir. Avropa İttifaqı ilə Azərbaycan arasında çox önəmli bir sənəd – enerji təhlükəsizliyi ilə bağlı Anlaşma Memorandumu imzalandı. Anlaşma Memorandumunda tərəflərin bir-birinin ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, müstəqilliyinə və suverenliyinə hörmət və dəstəklə bağlı öhdəlikləri xüsusi vurğulanır.

Memorandumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Aİ-yə çatdırılmasının təmin edilməsidir. Burada söhbət kommersiya məqsədəuyğunluğu və bazar tələbinə uyğun olaraq qaz tədarükünün şaxələndirilməsini dəstəkləmək məqsədilə Xəzərin Azərbaycan sektorundakı təbii qazın Aİ-yə və Qərbi Balkan ölkələrinə daşınmasından gedir.

Düşünürəm ki, bu sənəd təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun da önəmini artıracaq, həmçinin bölgədə yarana biləcək münaqişələrin qarşısının alınmasına xidmət edəcək. Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması və qorunması üçün bu saziş qoruyucu qalxan rolu oynayacaqdır. Yeni saziş ölkəmizin iqtisadi yüksəlişinə də müsbət təsir göstərəcək, qaz gəlirləri artacaq bu da əhalinin rifah halının daha da yaxşılaşmasına səbəb olacaq. Bundan başqa, ölkəmizin Qərbə münasibəti daha da yaxşılaşacaq. Uzun müddətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni strateji tərəfdaşlıq müqaviləsi üzərində iş gedir. Nəhayət ki, biz bunu yekunlaşdırdıq və dövlətimizin başçısının rəhbərliyi ilə aparılan uzaqgörən siyasət öz bəhrəsini verdi.

Azərbaycanla Aİ arasında əlaqələrin genişlənməsi bizim strateji dövlət maraqlarımıza tam uyğundur, ölkəmizin Qərblə daha sıx bağlanmasına səbəb olacaq.

Avropa İttifaqı Azərbaycanın ən böyük ixrac tərəfdaşıdır. Demək olar ki, Azərbaycanın ticarətinin 40 faizdən çoxu Aİ-yə üzv dövlətlərin payına düşür. Həmçinin 2021-ci ildə ixrac olunan ümumi neftin 70 faizə qədəri Aİ ölkələrinin payına düşüb. Hazırda Azərbaycan-Avropa İttifaqı enerji dialoqu çərçivəsində müzakirə edilən əsas mövzulardan biri də ölkəmizin Avropaya “yaşıl” enerji ixrac etməsi məsələsidir. Belə deyə bilərik ki, əgər bu, mümkün olarsa, Avropa İttifaqı ilə Azərbaycan arasındakı tərəfdaşlıq daha da dərinləşəcək. Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində davamlı səylər göstərir. Təsadüfi deyil ki, Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri 2021-ci ilin dekabrında, 2022-ci ilin aprel və may aylarında üç dəfə Brüsseldə görüşüblər.

Bundan əlavə, bu il ərzində ABŞ-Azərbaycan münasibətlərinin inkişafı ilə bağlı çox önəmli hadisələr baş verib. Amerika Birləşmiş Ştatlarının Prezidenti Azərbaycanın dövlət başçısına Müstəqillik Günü və Bakı Enerji Həftəsinin açılışı ilə bağlı ünvanladığı məktublarda ölkəmizə hərtərəfli dəstək ifadə olunub və Birləşmiş Ştatların Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyi qeyd olunub.

Bütün bunlar son altı ay ərzində Azərbaycanın xarici siyasətində əldə olunan uğurlu nəticələrin bir hissəsidir.

Geridə qalan zaman kəsiyi isə qarşıda bizi ölkəmizin gələcəyi və qlobal proseslərdəki rolunun artması ilə bağlı çox mühüm hadisələrin gözlədiyini düşünməyə əsas verir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…