20 baxış
Bu yazını paylaşın
Siyasi

Azər Süleymanov: Heydər Əliyevin şəxsiyyəti əsrlərlə öyrəniləcək böyük siyasi məktəbdir

09 May 2022

Bu günlər respublikamızın bütün guşələrində ümummilli liderimiz, böyük dövlət xadimi, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü böyük təntənə və coşqu ilə qeyd olunur. Bu da təsadüfi deyil. Çünki böyük öndərimiz Heydər Əliyev dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlər göstərib.
“TELEJURNAL”  xəbər verir ki , bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov deyib.
O bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın demokratik tərəqqisi üçün zəruri inkişaf strategiyasını irəli sürmüş, bu kursun alternativsizliyini real addımlar və əməli nəticələrlə sübut etməklə bərabər, banisi olduğu qüdrətli dövlətçilik irsinin əbədiyaşarlığını təmin etməyə nail olan əlahiddə liderlərdən idi. Ona görə də dövlət müstəqilliyimizin qarantı kimi öz xalqı qarşısında tarixi və misilsiz fəaliyyətin müəllifi olan Ulu Öndərin anadan olduğu 10 may tarixi Azərbaycan xalqının, həmçinin bütövlükdə bütün dünya azərbaycanlılarının hər il dərin ehtiramla, hörmətlə qeyd etdikləri əlamətdar gündür. Bu tarixin 99-cu ildönümünün özəlliyi ondan ibarətdir ki, xalqımız artıq ikinci ildir ki, bu günü Vətən müharibəsində doğma Qarabağ torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsi fonunda xüsusi bir şövqlə, böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu baxımdan həmin tarix həm də siyasi və mənəvi yükə malik, rəmzi məna daşıyan bir təqvimdir.
“Ümummilli lider Heydər Əliyevin şəxsiyyəti əsrlərlə öyrəniləcək dərin bir ümmandır, böyük bir siyasət və həyat məktəbidir. Onun irsi zəngin xəzinədir və bu irsin öyrənilməsi bugünkü, eyni zamanda, gələcək nəsillər üçün olduqca vacibdir. Ulu Öndərimiz haqqında indiyə qədər çoxlu sayda dəyərli əsərlər, kitablar yazılıb, filmlər çəkilib.
Yaxın tariximizdən bəlli olduğu kimi, müstəqilliyimizin əldə olunmasının ilk mərhələsində Azərbaycanda tüğyan edən hərc-mərclik, hakimiyyət uğrunda daxili çəkişmələr, silahlı qarşıdurmalar, idarəetmədə səriştəsizlik, səfalət, kriminallaşma və inamsızlıq mühiti, açıq-aşkar separatizm meyilləri həm də bunu fürsət bilən Ermənistan tərəfindən sonda ərazilərimizin işğalı ilə nəticələnən faciəvi hadisələrlə müşayiət olunurdu. Artıq heç kim dana bilməz ki, bütün bunların qarşısını xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlmiş dünya miqyaslı, təcrübəli siyasi xadim, dahi Heydər Əliyev ala bilmişdi. Onun ilk olaraq həllinə çalışdığı məsələ də məhz Qarabağ problemi idi. Tarix sübut etdi ki, dünya siyasətinə yaxından bələd olan ulu öndər Heydər Əliyev hələ münaqişənin ilk illərində “Gələcək Novruz bayramlarımızı Qarabağda qeyd edəcəyik” söylədikdə Qarabağ məsələsində yekun nəticəni hesablamağı bacarıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlardakı bütün məkanlarda Azərbaycanın üçrəngli Qələbə bayrağını qaldırmaqla bu arzuları çin etdi”, – deyə Azər Süleymanov vurğulayıb.
“Razılaşmamaq mümkün deyil ki, müasir dünya xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında yeni şərtlər müəyyənləşdirir. Bu şərtlərdən ən mühümü nizamı çox tez-tez pozulan qlobal siyasət arenasının sərt müdaxilələri qarşısında uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son 19 ildə qazanılan uğurlar da məhz bu amilə əsaslanır. Prezident İlham Əliyev yeni əsrin praqmatik lideri kimi ölkəyə rəhbərlik etdiyi bu müddətdə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmayıb. Dövlətimizin başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi varisi kimi, qarşıya qoyulan hədəflərə qətiyyətlə nail olur. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.
Tarixi paralellər aparsaq görərik ki, Ümummilli Liderin möhkəm ideoloji əsaslara və inama söykənmiş siyasi xətti 2003-cü ildən sonra Azərbaycan dövlətini idarə edən Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun davam etdirilir. Ulu öndər Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi isə bu uğurun əsaslarından biridir. Beləliklə, Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri Heydər Əliyev ideologiyasina söykənən siyasi kursun yeni keyfiyyətdə və yeni çağırışlar fonunda davamının nəticəsi kimi dəyərləndirilməlidir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bu ideyalar yaşayır, davam edir və nailiyyətlərimizin fövqündə dayanır”, – deyə YAP Nəsimi rayon təşkilatının sədri əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…