25 baxış
Bu yazını paylaşın
Siyasi

ATƏT PA-nın Büro iclasında beynəlxalq təhlükəsizliyin hazırkı vəziyyəti geniş müzakirə edilib

25 Yanvar 2022

Yanvarın 24-də ATƏT PA-nın videoformatda Büro iclası keçirilib. İclasda Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev iştirak edib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Büro iclasında ATƏT PA-nın 2022-ci ilin 23-25 fevralında Vyanada planlaşdırılan qış sessiyasının keçirilmə qaydası müzakirə edilib. Sessiyanın hibrid formatda, yəni, nümayəndə heyəti rəhbərlərinin və büro üzvlərinin canlı, digər heyət üzvlərinin isə onlayn iştirakı ilə keçirilməsi barədə razılıq əldə olunub.
Bundan başqa, Büro üzvləri cari il aprelin 3-də Macarıstan və Serbiyada keçiriləcək parlament seçkilərinə beynəlxalq müşahidə missiyasının göndərilməsi haqqında qərar qəbul ediblər.
İclasda beynəlxalq təhlükəsizliyin hazırkı durumu geniş müzakirə edilib. Büro üzvləri son günlər Qazaxıstanda, həmçinin Ukrayna ilə bağlı Şərqi Avropada yaranmış vəziyyətlə əlaqədar fikirlərini bildiriblər.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev büro iclasında mövzu ətrafında çıxış edərək bir neçə vacib məsələyə toxunub. Bildirib ki, Ukrayna ətrafında yaranmış təhlükəsizlik böhranının həlli ilə bağlı aparılan danışıqlar hələlik müsbət nəticə verməyib və tərəflər arasında mövcud olan fikir ayrılığı çox təhlükəli nəticələrə gətirib çıxara bilər. Belə vəziyyətin qarşısının alınmasında ATƏT-in bütün üzv ölkələrinin fəal iştirakının vacibliyinə diqqət çəkən Azay Quliyev təklif edib ki, fevral ayında keçiriləcək qış sessiyası çərçivəsində ATƏT PA-nın çətiri altında ABŞ və Rusiya nümayəndə heyətlərinin, daha sonra isə Normand qrupuna daxil olan dörd ölkənin nümayəndələrinin görüş-dialoqu təşkil olunsun və mövcud böhranın danışıqlar yolu ilə həllinə parlamentarilərin mümkün töhfəsi müzakirə edilsin. Bundan başqa, Azay Quliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gərginliyi azaltmaq üçün Rusiya və Ukrayna prezidentlərinin Ankarada görüşünün təşkili haqqında təşəbbüsünü xatırladıb. Bildirib ki, belə təkliflər münaqişə tərəfləri və ATƏT tərəfindən dəstəklənərsə, müsbət nəticə verə bilər.
Sonra Azay Quliyev ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun hazırkı sədri kimi Azərbaycanın prioritetləri haqqında Büro üzvlərinə və qonaqlara məlumat verib. Heç bir hərbi bloka qoşulmayan Azərbaycan hər zaman ATƏT-i Avropa təhlükəsizlik arxitekturasının əsas sütunu hesab edib, ayırıcı xətlərin və təsir zonalarının yaranmaması istiqamətində qurumun səylərini yüksək dəyərləndirib. Bu prizmadan çıxış edən Azərbaycan ATƏT-in Təhlükəsizlik Forumuna sədrliyi dövründə dörd mövzuda – Beynəlxalq humanitar hüquqa əməl edilməsi və mülki əhalinin qorunması, Terrorizmin bütün forma və təzahürləri ilə mübarizə, Silahlara nəzarət və etimad quruculuğu tədbirləri və Postmünaqişə dövründə reabilitasiya məsələləri mövzularında Təhlükəsizlik Dialoqlarının təşkilini planlaşdırır”, – deyə A.Quliyev əlavə edib.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində son vaxtlar atılan addımlar haqqında da məlumat verən deputat deyib: “Dekabrın 14-də Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycanın Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə postmünaqişə məsələləri ətraflı müzakirə edilib. Brüssel görüşündə Ermənistan nəqliyyat kommunikasiyalarının, xüsusilə Zəngəzur dəhlizinin açılması və dövlət sərhədlərinin delimitasiyasına başlanılması haqqında əvvəlki öhdəliyini yeniləyib. Avropa İttifaqı da öz növbəsində bu məqsədlə investisiya layihələrini maliyyələşdirməyə razılıq verib. Azərbaycan vaxt itirmədən hər iki ölkənin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində Ermənistanla sülh müqaviləsinin hazırlanması prosesinə başlamağa hazırdır”.
ATƏT PA-nın vitse-prezidenti 44 günlük İkinci Qarabağ müharibəsinin geosiyasi nəticələrindən biri kimi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə hər iki tərəfdən xüsusi nümayəndənin təyin olunmasını, onlar arasında ilk görüşün yanvarın 14-də Moksvada keçirilməsini mühüm yenilik adlandırıb. O qeyd edib: “Gələn həftədən etibarən razılaşmaya əsasən Türkiyə və Ermənistan qarşılıqlı olaraq təyyarə reyslərinin açılması haqqında qərar qəbul ediblər. Ümid edək ki, bu cür addımlar regionda qalıcı sülhün və barışın bərqərar olmasına ciddi töhfə verəcək”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…