40 baxış
Bu yazını paylaşın
İctimai

AMEA-nın taleyi necə olacaq?

27 İyul 2022

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gələcək taleyi həm sosial şəbəkələrdə, həm də ictimaiyyətdə müzakirə mövzusuna çevrilib. Artıq dünəndən etibarən sosial şəbəkələrdə bəzi istifadəçilərin akademiyanın ləğv edilməsi ilə bağlı çağırışlar etdiklərinin şahidi oluruq. Bəziləri isə AMEA-nın ölkə elminə tarixi töhfələr verdiyini və burada hələ də ciddi elmi tədqiqatların aparıldığını əsas gətirir. Buna görə də onlar akademiyanın əsas elmi təsisat olaraq qorunub saxlanılmasının zəruriliyi fikrindədirlər.

Təbii ki, Azərbaycanda elmə və təhsilə çox böyük diqqət göstərilir. Amma görünən odur ki, nə qədər diqqət göstərilsə də, bu sahədə boşluqlar hələ də mövcuddur. Bu isə ciddi islahatların həyata keçirilməsini labüd edir. Müşahidələrimiz də onu deməyə əsas verir ki, əksəriyyət birmənalı olaraq AMEA-da islahatlara başlanılmasının tərəfdarıdır. Bu isə islahatların bütün sahələrdə olduğu kimi, elm sahəsində də geniş şəkildə aparılmalı olduğuna əsas verir.

Artıq uzun müddətdir ki, AMEA-nın fəaliyyəti ictimaiyyətdə narazılıqlarla qarşılanmaqdadır. Bəziləri akademiyada fəaliyyət göstərən elm adamlarını elmsizlikdə, bəziləri ümumiyyətlə fəaliyyətsizlikdə ittiham edirlər. Təbii ki, bunları orada çalışan bütün şəxslərə şamil etmək doğru olmaz. Elmlər akademiyasında doğrudan da, öz savadına, biliyinə və istedadına güvənərək fəaliyyət göstərən, yeniliklərlə çıxış edən elm adamları var. Onlar Azərbaycan elmini dünyada təmsil edir və mütəmadi olaraq uğurlara imza atırlar. Amma ümumilikdə açıq-aydın görünən odur ki, qocaman elm ocağımız sanki yaşlaşıb və taqətdən düşüb. Fikrimcə, elm ocağında çalışanların qocalması elmi fəaliyyətin tam məhdudlaşdırılmasına səbəb ola bilməz. Ona görə də problemin kökü araşdırılmalıdır.

Təbii ki, yaşlı nəslin nümayəndələri elmi fəaliyyətlə məşğul ola bilər. Buna hər bir cəmiyyətin və hər bir xalqın ehtiyacı var. Ümumiyyətlə, alimlik səviyyəsinə çatmaq üçün zamana ehtiyac olduğunu nəzərə alsaq, alimlərin yaşlı nəslin nümayəndələrindən olması da anlaşılandır. Amma gəlin bir qədər də açıq danışaq: son illər hansı alimimizin ölkəmizə, xalqımıza, millətimizə yeni-yeni töhfələr verdiyinin, kəşflər, icadlar etdiklərinin şahidi olmuşuqmu? Vəziyyət o qədər qəlizdir ki, sualın özündən sual yaranır. İndi gəlin bu suala cavab tapmaq üçün niyə bu qədər çox düşündüyümüzün səbəbini də axtaraq. Bəlkə də, Azərbaycan elminin mövcud susqunluğuna səbəb lazım olan şəraitin yaradılmamasıdır. Ona görə də, indiyə qədər AMEA-da bu şəraitin yaradılmamasının səbəbləri araşdırılmalıdır. Çünki hər il dövlət büdcəsindən AMEA-nın saxlanılması, fəaliyyəti, elm adamlarının xidmətləri üçün ayrılan vəsaitlərin hara xərcləndiyi məlum deyil.

2018-2021-ci illərdə AMEA-nın bütün təşkilatları tərəfindən cəmi 2840 elmi məqalə Web of Science bazasında indekslənib. Müqayisə üçün deyək ki, ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri tərəfindən həmin müddətdə nəşr olunmuş məqalələrin sayı 3592-dir. Məqalələrin keyfiyyət göstəricilərinə gəldikdə isə (Q1 jurnallarda nəşr olunan məqalələrin sayı, məqalələrə iqtibasların sayı və s.) ədalət naminə demək lazımdır ki, AMEA tərəfindən yazılmış məqalələr nisbətən daha keyfiyyətlidir. Burada diqqət yetirilməli olan məqam ondan ibarətdir ki, Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan da əksəriyyəti kiçik və dar ixtisaslı ali təhsil müəssisədir və tədqiqata deyil, konkret sahələr üzrə kadr hazırlığına cəlb olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…