33 baxış
Bu yazını paylaşın
Siyasi

Almaniyada dərc olunan qəzetdə Azərbaycanda yəhudi icması ilə bağlı məqalə yayımlanıb

05 Fevral 2022

“Jüdische Rundschau” qəzetinin fevral buraxılışında “Azərbaycanda holokostun anılması və yəhudi həyatı” başlıqlı məqalə dərc olunub.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, məqalənin müəllifli Urs Unkaufdir.
Məqalədə bildirilir ki, Azərbaycan İsraillə dostluq münasibətləri saxlayır və ölkədə yəhudi mədəniyyətinin inkişafına xüsusi diqqət yetirilir. Vurğulanır ki, Azərbaycan Holokost Qurbanlarının Beynəlxalq Anım Gününü qeyd edən azsaylı müsəlman ölkələrindəndir. Belə ki, 2022-ci il yanvar 27-də bu əlamətdar gün Azərbaycanda qeyd olunub. Məqalədə bu addımın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin dekabr ayında Nyu-York şəhərindən olan ravvin, ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayer ilə keçirilmiş görüşdə elan olunduğu diqqətə çatdırılır. Prezident İlham Əliyevin görüşdə, həmçinin paytaxt Bakıda yerləşən və şagirdlərinin sayı getdikcə artan “Chabad Ohr Avner” yəhudi məktəbinin inkişafına dövlət dəstəyi göstəriləcəyini bildirdiyi vurğulanır. Əlavə edilir ki, Azərbaycan Prezidenti bu qərarı ilə yəhudi xalqı ilə olan sıx münasibətlərə və Azərbaycandakı yəhudi icmasının dəstəklənməsinə dair aydın bir mesaj verib. Bu mesaj 10 milyon əhalisi olan ölkənin geosiyasi cəhətdən müxtəlif maraqların kəsişdiyi – Rusiya, İran və Türkiyə arasında gərgin bir regionda yerləşməsi baxımından çox təqdirəlayiqdir.
Məqalədə Azərbaycanda yəhudilərin tarixindən ətraflı bəhs edilir, sözügedən xalqın hələ antik dövrlərdən etibarən ölkəmizdə yaşadığı qeyd olunur. Vurğulanır ki, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası (ADR) dövründə bütün etnik azlıqlar bərabər hüquq və azadlıqlarla təmin edilib. O dövrdə yəhudi azlığı da Yevsey Qindesin timsalında səhiyyə naziri qismində ADR hökumətinin tərkibində təmsil olunub. Məqalədə ADR-in qısa müddət mövcud olmasına baxmayaraq nəinki müsəlman ölkələri, eləcə də digər dünya ölkələri üçün bir çox sahələrdə nümunəvi addımlar atdığı, habelə qadınlara seçki hüququ verdiyi diqqətə çatdırılır. 70 illik Sovet hakimiyyəti dövründə Azərbaycandakı bütün xalqlar kimi yəhudilərin də öz mədəniyyətlərini və ənənələrini yaşaması imkanları məhdudlaşdırılsa da, bu məhdudiyyətlər 1991-ci ildə ölkənin müstəqilliyini əldə etməsindən, xüsusilə də 1993-cü ildə ulu öndər Heydər Əliyevin prezident olaraq vəzifələrini icra etməsinə başlamasından sonra aradan qaldırılmış, habelə ictimai-siyasi həyat canlanmağa və inkişaf etməyə başlamışdır.

Məqalədə Azərbaycandakı yəhudi icmasının 47 min nəfərdən ibarət olduğu, bunlardan 37 mininin əsrlər boyu ölkəmizdə yaşayan sefard adlanan dağ yəhudilərindən, qalanlarının isə 19-cu əsrin ikinci yarısından etibarən ölkəmizdə yaşayan aşkenaz yəhudilərindən ibarət olduğu vurğulanır. Bildirilir ki, yəhudilər ölkəmizdə əsasən Bakı, Quba və Oğuz şəhərlərində yaşayırlar. Quba rayonunda yerləşən “Qırmızı Qəsəbə” adlanan ərazidə isə yaşayanların əksəriyyəti dağ yəhudilərindən ibarətdir. Onlar sünni, şiə və xristian qonşuları ilə birgə sülh və əmin-amanlıq şəraitində ömür sürürlər. Əlavə olunur ki, Azərbaycanda 8 sinaqoq, 2 yəhudi uşaq bağçası və 1500 məktəblinin təhsil aldığı 5 yəhudi məktəbi fəaliyyət göstərir. Vurğulanır ki, bir sıra Avropa ölkələrindən fərqli olaraq yəhudilərin Azərbaycandakı sözügedən dini və təhsil müəssisələri daimi polis nəzarətində fəaliyyət göstərmək məcburiyyətində deyillər.
Məqalədə, həmçinin qeyd olunur ki, 2003-cü ildə əsaslı bərpa işlərindən sonra Bakıda aşkenaz yəhudilərinin sinaqoqunun, 2010-cu ildə isə 200 illik tarixə malik dağ yəhudiləri sinaqoqunun açılışı baş tutub. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bərpa işləri ilə bağlı layihəyə dövlət tərəfindən geniş dəstək verilib. Müəllif Urs Unkauf Azərbaycanda yəhudi icmasının dərin kök salmasını və aktiv fəaliyyət göstərməsini ölkəmizin tarixində heç zaman yəhudilərə qarşı poqrom, məcburi köçürülmə və antisemit iğtişaşların baş verməməsi ilə əlaqələndirir.
Məqalə müəllifi bildirir ki, azərbaycanlı kimliyinin formalaşmasında ölkənin ərazi bütövlüyü – Qarabağ uğrunda mübarizə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın müdafiəsi mühüm yer tutur və burada da yəhudi izlərinə rast gəlinir. Belə ki, Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunov 1992-ci ildə Şuşanın müdafiəsi uğrunda həyatını itirib. Onun xatirəsi Azərbaycanda çoxsaylı yer və küçələrdə anılır.
Məqalədə qeyd olunur ki, əhalisinin 90 faizinin müsəlman olduğu Azərbaycan hazırda müxtəlif mədəniyyətlər, ənənələr və dini dünyagörüşlərə malik icmaların sülh şəraitində birgəyaşayışına yönəlmiş siyasət həyata keçirir, habelə bunun əsası olaraq tolerantlığı təşviq edir. Ölkədəki dini icmalar azad şəkildə öz ənənələrini yaşada və eyni zamanda, dövlət dəstəyindən yararlana bilirlər.
Məqalədə, həmçinin ifadə olunur ki, İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan və onunla diplomatik münasibətlər quran ölkələr sırasındadır. İki ölkə arasındakı hazırkı münasibətlər böyük qarşılıqlı etimad və xüsusilə iqtisadi inkişaf, enerji siyasəti və regional təhlükəsizlik sahələrində həyata keçirilən sıx əməkdaşlıqla xarakterizə olunur. Müəllif əlavə edir ki, Azərbaycandakı ictimai-siyasi həyatda fəal iştirak edən yəhudi icması bu iki ölkə arasındakı yaxın dostluq münasibətlərinin inkişafında mühüm fundament rolunu oynayır.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…